Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub
19.05.2020

Prezident: Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib

Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir.
 

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 3 saylı DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə, ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib.