Azərbaycan hərbi-siyasi mərhələni uğurla tamamlayıb, sonuncu- sırf siyasi mərhələyə keçidin astanasındadır
Azərbaycan hərbi-siyasi mərhələni uğurla tamamlayıb, sonuncu- sırf siyasi mərhələyə keçidin astanasındadır
07.10.2022 Sahib Alıyev Tərəfindən

Ermənistanın arxalandığı ölkələrin futbol komandalarını "Qarabağ" necə darmadağın edirsə, diplomatiya müstəvisində də təqribən onun oxşarı baş verir.

Artıq hər kəs, o sıradan da Ermənistana guya havadarlıq edənlər Qarabağın Azərbaycan üçün nə demək olduğunu yox, həm də Azərbaycan demək olduğunu anlayır və təkcə anlamır, eləcə də anladır. Haylara anladır ki, bu, bir reallıqdır, biz barışdıq, siz də barışmalısınız. Praqa danışıqlarını qısaca qiymətləndirməli olsaq, görünən məhz budur.

Amma Prezidentimizin jurnalistlərimizə verdiyi intervüdə mənim diqqətimi çəkən bir sıra məqamlar da var ki, sizinlə bölüşmək istəyirəm.

"Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun",-Azərbaycan Prezidenti cənab İlham Əliyevin Praqadakı bu açıqlaması o deməkdir ki, Naxçıvana Ermənistan üzərindən dəhliz ya açılacaq, ya açdırılacaq!

Dövlət başçımızın dünən jurnalistlərimizə verdiyi intervüdə daha bir önəmli məqam Fransa Prezidentinin Azərbaycanın irəli sürdüyü 5 prinsiplə razılaşdığının, Qarabağın Azərbaycan olduğunu dünya birliyinin "artıq nəinki dərk, həm də bunu tələffüz etməsi" haqda açıqlanması idi.

Demək, Azərbaycanın 44 günlük savaş zamanı qazandığı zəfər buna haylardan daha çox kədərlənənlərin hamısına diplomatiya müstəvisində bir-bir həzm etdirilir. Və təbii ki, burada qarşı tərəfin təxribatlarının qarşısının alınmasına yönəlmiş cavab əməliyyatları da az rol oynamır.

Və cənab Prezidentin "sülhə yavaş-yavaş yaxınlaşırıq" sözləri onu göstərir ki, biz Azərbaycan torpaqlarının hər qarışı üzərində suverenliyimizin təmini üçün ikinci, yəni hərbi-siyasi mərhələni uğurla tamamlayıb, sonuncu- sırf siyasi mərhələyə keçidin astanasındayıq.

Millət vəkili Sahib Alıyev

visiontv.az