Azərbaycan güclü olduqca...
03.07.2022

İran mediası və məmurları tərəfindən son 2 ildə anti - Azərbaycan ritorikası geniş vüsət alıb. İş o yerə çatıb ki, Aşqabaddakı görüşdən sonra sərt ritorika davam etməkdədir. Elə həmin görüş zamanı liderlərin jest və üz cizgilərini təhlil edəndə də, dialoqdan İran liderinin məmnun ayrılmadığını sezə bilərdik.

Görüşdən sonra İran və erməni mediası Rəisi tərəfindən yəhudi dövləti ilə əməkdaşlığın qabardıldığı ilə bağlı məlumatlar yayılırdı.

Dünənlərdə yenidən İranın ali dini rəhbəri Əli Xameneyinin ofisinin mətbuat orqanı sayılan “Keyhan” qəzeti Azərbaycan Respublikası ilə bağlı daha bir təxribat xarakterli məqalə dərc edib.Məqalədə Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan “höccətülislam” adı əlavə edilib və onun “sionistləri və vəhhabiləri ifşa etdiyi üçün” həbs edildiyi iddia olunub. Hərçənd, hər kəsə yaxşı məlumdur ki Taleh Bağırzadə müzakirə ediləcək fərd deyil 

Məqalədə həmçinin Azərbaycanda başqa dinlərə və məzhəblərə, o cümlədən yəhudi, xristian, bəhai, krişnaid və s. qarşı müsbət yanaşma, islam dininə qarşı isə düşmənçilik olduğu iddia edilib, bundan başqa, yəhudi dini məbədlərinin fəaliyyəti xüsusi həssaslıqla qeyd olunub.
Məqalə müəllifi yaxşı olardı ki, gözlərini dörd açıb kimin müsəlman dünyası arasında həmrəylik deyil, nifaq saldığını araşdırardı.

Hər halda , bəziləri başa düşməlidirlər ki, Bakı və Tehran həmişəlik qonşudurlar ona görə də böyük- kiçik yanaşmasından imtina edilməlidir. Azərbaycana qarşı sərt münasibət isə, Türkiyə ordusunun sərhədçilərimizlə birlikdə Araza tərəf baxması, bayraktarların Astarada, Cəbrayılda, Zəngilanda, Füzulidə haylara tərəf deyil, farslara tərəf dövr etmələri ilə nəticələnə bilər.

XXI əsrdə köhnə baxışlardan imtina edilməli, mehriban yaşamağı bacarmaq lazımdır. Unudulmamalıdır ki, dünyada xalqlar bir - birinin düşməni ola bilməzlər.

Politoloq Zaur Məmmədov

Visiontv.az