Azərbaycan-Ermənistan ikitərəfli danışıqlarını Kreml üçtərəfli prosesə çevirmək istəyir
Azərbaycan-Ermənistan ikitərəfli danışıqlarını Kreml üçtərəfli prosesə çevirmək istəyir
20.04.2022 Sahib Alıyev Tərəfindən

Ermənistan parlamentinin adını təqribən bizim Milli Şura sayaq doğruldan "Şərəfim Var" fraksiyasının lideri Artur Vanesiyan Paşinyanın əleyhinə aksiya təşkil edərək xanımını da yanına salıb İrəvanın küçələrini sülənərkən ikincinin Moskvaya səfərinin regionda gözlənilən sülh danışıqları baxımından uğurlu alınacağı elə də ağlabatan görünmürdü.

Ona görə yox ki, Vanesyan çox güclü fiqurdur, Paşinyan ondan çəkinir və Ermənistanda da camaat onun kimi Azərbaycanla qarşıdurmanın aradan qalxmasının əleyhinədir. Ona görə ki, həmən Vanesyan Paşinyandan bir neçə gün qabaq  Moskvaya çağrılmış və oradan da qayıdan kimi "Arsax, ardınca da Sünik gedəcək" deyə dad döyərək etiraz aksiyasına başlamışdı.
Yəni bir çoxları, məsələn,  taytax Ohanyan, Marqo Simonyan və Qarabağın Rusiya hərbi kontingentinin MÜVƏQQƏTİ kontrolunda olan hissəsindəki separatçı ünsürlər kimi Vanesyan da Brüssel danışıqlarından narazı qalan Moskvanın tapşırığını icra edirdi.

Beləliklə, özləri sussalar da,  vanesyanların hərəkətə gətililməsindən aydın görünürdü ki,  Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının bağlanması ən azından indiki mərhələdə Rusiyadakı bəlli çevrələrə əl vermir.Düzdür, Putinlə Paşinyanın 19 aprel görüşünün  birgə yekun bəyanatında Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasına da toxunulur. Amma bu normallaşmadan bəhs edən 4 maddənin heç birində Brüssel danışıqlarında olduğu kimi sülh anlaşmasının adı çəkilmir. Və təbii ki, Brüssel danışıqları haqda da bir kəlmə yoxdur. Ancaq kommunikasiyaların açılmasından tutmuş, sərhədlərin delimitasiyasınadək  bütün proseslərdə Rusiyanın varlığı xatırladılır.

Əgər Brüsseldə Azərbaycanla Ermənistan arasında sülhə tezliklə baş tutması gərəkən  ikitərəfli məsələ kimi baxılırdısa, Moskvadakı birgə bəyanatda bu, ancaq və ancaq üçtərəfli proses kimi təqdim edilir.

Bəli, Brüsseldə özülü qoyulan və  tezliklə sülhlə nəticələnməli olan  Azərbaycan-Ermənistan ikitərəfli danışıqlarını Kremlin uzun vaxt aparacaq üçtərəfli  prosesə çevirmək istədiyi bu bəyanatdan açıq-aydın görünməkdədir. Bəyanatdan o da  görünür ki, Moskva Türkiyə-Ermənistan danışıqlarına da eyni məntiqlə yanaşır. Və belə çıxır ki, regionda sülhün yaranması, sərhədlərinin açılması Azərbaycan-Rusiya və Türkiyə-Rusiya danışıqların predmetidir, Ermənistan burada sadəcə proksi rolunda çıxış edir.

Ümumiyyətlə, 30 maddəlik birgə bəyanatın tam şəkildə Rusiyanın diqtəsi altında yazıldığı, orada Lavrovun fatihəsini verdiyi Minks qrupu həmsədrlik institutunun  yenidən xatırladılması,   "iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olduğu"nun qeyd edilməsindən başqa Ermənistan tərəfin marağına cavab verəcək bir cümlə də yoxdur. Əslində heç həmən cümlələrin də  Ermənistanın marağına cavab verdiyi şübhəli görünür. Çünki bu, regionda tezliklə sülhün yaranmasını sual altında qoyur. Sülh isə Ermənistana heç də bizdən az lazım deyil.

Millət vəkili, politoloq Sahib Alıyev

Visiontv.az