Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb
18.01.2020

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbərinin azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, sənəddə Ermənistan tərəfindən nəzarət olunan, təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmənin nəticəsindən başqa bir şey olmayan qondarma rejimin qeyri-qanuniliyinin beynəlxalq səviyyədə dəfələrlə bəyan edildiyi öz əksini tapıb.

Bu xüsusda, 2015-ci ilin 16 iyun tarixində qəbul edilmiş “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının qərarına istinad edilərək qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ regionunda və Azərbaycanın digər işğal olunmuş ərazilərində tam nəzarəti həyata keçirir.