Avropalıların tam əksəriyyəti Donald Trampa nifrət edir - Elbəyi Həsənli
Avropalıların tam əksəriyyəti Donald Trampa nifrət edir - Elbəyi Həsənli
07.01.2021 Elbəyi Həsənli Tərəfindən

Onu diktator və faşist adlandırırlar. Özü də Amerika prezidentinə olan bu nifrət hissi sadə xalq arasında mövcud deyil. Avropa Birliyi də Donald Trampdan son dərəcə narazıdır. Bir nümunə deyim. Avropa Birliyi Çinlə son dərəcə önəmli bir müqavilə bağlamalıdır. Ancaq avropalılar bu müqavilənin bağlanmasının vaxtını süni şəkildə geri çəkirlər. Ümumi yanaşma belədir: Əgər Tramp yenidən ABŞ prezidenti olsa, Avropa Birliyi Çinlə daha sıx əməkdaşlığa gedəcək. Co Bayden iqtidara gəlsə Avopa Birliyi ilə ABŞ arasında olmuş tarixi xoş münasibət yenidən bərpa olunacaq. Belə bir halda isə Çinlə sıx münasibətlərə getmək lazım deyil.

Avropa Birliyinin əsas dövlətləri Almaniya və Fransa Donald Trampı getməsini birmənalı şəkildə dəstəkləyirlər. Əminəm ki, Amerikada qarşıdurma kəskinləşsə, Avropa Birliyi öz sözünü uca səslə deyəcək. Deyəcək ki, Donald Tramp getməlidir. Təbii ki, Donald Trampın iqtisadi müharibə apardığı Çin də onun iqtidardan getməsini arzulayır. İran isə obrazlı şəkildə desək, cənab Trampın gedəcəyi günə qurban deyib.

Donald Trampın iqtidarda qalmasını arzu edənlər də var. Rusiya və Türkiyə bu sırada öndə gedir. Rusiyanın məqsədi aydındır. Demokratlar Rusiyaya, diktator Putinə qarşı kəskin mövqedədir. Türkiyənin də öz arqumenti var. Donald Trampla Tayyip Ərdoğanın şəxsi münasibətləri ən yüksək səviyyədədir. Və cənab Tramp Türkiyə prezidentinə xüsusi simpatiya bəslədiyini dəfələrlə bəyan edib. Co Bayden isə Ərdoğanı devirmək üçün Türkiyə müxalifətinə ciddi dəstək verəcəklərini bir neçə dəfə dilə gətirib.

Şəxsən mən, ABŞ ilə Avropa Birliyi arasında xoş münasibətin olmasının tərəfdarıyam. Bəli, Qərb o qədər də ədalətli deyil. Ancaq Çin və Rusiya ilə müqayisədə toya gedəsidir...

Visiontv.az