Avropa siyasətini bürümüş irqçilik tendensiyaları - Ərəstun Oruclu
Avropa siyasətini bürümüş irqçilik tendensiyaları - Ərəstun Oruclu
03.11.2020 Ərəstun Oruclu Tərəfindən

Avstriya paytaxtında törədilər terror aktı Avropa media gündəmində yenidən müxtəlif mülahizələrə rəvac verdi. Yenidən dinlərarası mövzuda müzakirələr başlayır və bu müzakirələr heç də hər zaman yaxşı məqsədlərlə açılmır və odur ki, yaxşı məqsədlərə də xidmət eləmir, edə də bilməz.

Əlbəttə Avropa miqyasında 3-4 və ya daha çox belə hadisələrin baş verməsinin faciə olmadığını da iddia etmək olardı. Amma bir o şərtlə ki, terror aktlarının, dini zəmində cinayətlərin və digər bu kimi hadisələrin fonunda başqa, daha təhlükəli bir fenomen baş qaldırıb günü-gündən güclənməsəydi.

Bu, Avropa siyasətini bürümüş irqçilik tendensiyalarıdır. İndi belə ideologiyaların daşıyıcılarına əksər hallarda "Far right", yəni, ifrat sağçı deməklə kifayətlənirlər. Halbuki bunun əsl adı var və həmin adı kim də bilməsə, avropalılar çox yaxşı bilirlər. Keçdikləri dərslərdəndir.

Amma görünən həm də budur ki, keçməklərinə rəğmən həmin dərsdən elə də yüksək qiymət ala bilməyiblər. Elə olmasaydı avropalı ekstremistlərin qarşıdurma yaradan, diskriminasiya yayan, irqçi və alçaldıcı çağırışları ifadə azadlığı kimi müdafiə olunmazdı. Olsun, əlbəttə, bizim onlara nəsə öyrətmək iddiamız yoxdur.

Amma bir şey var ki, Avropada belə tendensiyalar baş qaldıranda bunun ağrısını daim bütün dünya çəkib. Qaldı birinin ifrat sağçı və ya populist, digərinin isə islamçı elstremist və ya terrorçu adlandırılmasına, məncə bunun elə bir əhəmiyyəti yoxdur.

Ad nisbidir, əsas sirr mahiyyətdə, məzmundadır. Məzmun baxımından da onların hər ikisi elə ekstremistdilər, terrorçudular, vəhşidilər və nəhayət, sadəcə faşistdilər. Amma ən başlıcası odur ki, bir-biri üçün əlverişli kliyentdilər. Elə ona görə də daim bir-birini qarşılıqlı motivasiya edirlər.

Sual isə hələ də açıq qalır: Avropa hara gedir?

Visiontv.az