Astara rayonunun 3 yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunub
21.05.2020

Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” ASC adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.

Visiontv.az xəbər verir ki, bu haqda məlumatı “Azərişıq” ASC Mətbuat xidmətinin rəisi Vaqif Mustafayev verib. “Cənab Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalamışdır. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlər artıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər 3 kənddə müassir elektrik enerji sistemi qurulub”.

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materalın böyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıb.