AŞPA-da Azərbaycanafobiya meylləri-deputat Könül Nurullayeva
06.06.2020

Təəssüflər olsun ki, AŞ PA Azərbaycanın işğal altındakı ərazilərində separatçı rejim tərəfindən təşkil edilən seçki şousuna hələ də reaksiya verməyib.

Bu gün bütün Azərbaycan ictimaiyyəti görür ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir. Halbuki Azərbaycan hər zaman AŞ da daxil olmaqla bütün beynəlxalq qurumlarla əməkdaşlığa açıq olub. Ölkəmiz hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də hər zaman konstruktiv əməkdaşlıq nümunəsi sərgiləyib. Lakin təəssüflər olsun ki, bu qurumun həmməruzəçilərinin zaman-zaman sifarişlə hazırlanmış, əsassız, ölkəmizə qarşı böhtan xarakterli hesabatlarının şahidi oluruq. 2013-cü ildə həmməruzəçi Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi qurumda Azərbaycanafobiya meyllərini daha da gücləndirdi. Məğlub dairələr dəfələrlə ölkəmizdə keçirilən mühüm tədbirlər zamanı da Azərbaycana qarşı qarayaxma kampaniyası apardılar. Bunun konkret dairələr tərəfindən idarə edildiyi aydın şəkildə görünürdü. Eyni zamanda Azərbaycanda keçirilmiş parlament seçkilərindən 1 həftə əvvəl- 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamə də növbəti qərəzin göstəricisi idi. Digər tərəfdən, Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edib, faşizmin qəhrəmanlaşdırılmasına yönəlik bəyanatlar səsləndiriblər.

Təəssüf ki, bu kimi hallarda da AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilməyib. Belə olan halda haqlı olaraq sual olunur- AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın? Məhz belə qərəzli yanaşmalarla AŞPA özünü nüfuzdan salıb, özünə olan etimadı itirib. Bununla belə, AŞPA-da erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz haqq yolundan döndərmək mümkünsüzdür. Azərbaycan hər zaman konstruktiv əməkdaşlığa açıqdır və bu əməkdaşlığın davamlılığı yalnız qarşılıqlı hörmət və sağlam yanaşma sayəsində mümkündür. Amma heç kim Azərbaycanla hədə, şantaj dilində danışa bilməz.

visiontv.az