ASGA "SUQOVUŞAN FATEHİ - İlkin Ağakişiyev haqqında sənədli film" ərsəyə gətirəcək
20.09.2022

ASGA "SUQOVUŞAN FATEHİ - İlkin Ağakişiyev haqqında sənədli film" ərsəyə gətirəcək.

Visiontv.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov məlumat verib. 

Onun sözlərinə görə film Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 2 aylıq layihə çərçivəsində hazırlanacaq: "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən, torpaqları düşmən tapdağından xilas edərkən şəhid olan İlkin Ağakişiyev təkcə Mingəçevir üçün deyil, bütün Azərbaycan gəncliyinə nümunədir. İlkin Ağakişiyev 1995-ci il sentyabrın 17-də Mingəçevir şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. Subay idi. İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İlkin Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Biz bundan öncə Mingəçevir şəhərinin 6 Şəhidinə film çəkmişik və bu proses davam edəcək.”

Qeyd edək ki, "SUQOVUŞAN FATEHİ - İlkin Ağakişiyev haqqında sənədli film" Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən çəkilən sayca 11-ci sənədli film olacaq.