Armen Qriqoryan guya Azərbaycana qarşı ərazi iddialarının olmadığını bildirib: Açığı mən bizim əksər ekspertlərin nikbinliyini bölüşmürəm
Armen Qriqoryan guya Azərbaycana qarşı ərazi iddialarının olmadığını bildirib:  Açığı mən bizim əksər ekspertlərin nikbinliyini bölüşmürəm
01.08.2022 Sahib Alıyev Tərəfindən

Neçə gündür ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsinin guya sülh anlaşması imzalamağa hazır olması, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmələri haqda açıqlamalarına dayanaraq müxtəlif şərhlər verilir. Əlbəttə, bu təbiidir. Amma açığı mən bizim əksər ekspertlərin nikbinliyi bölüşmür və Qriqoryanın dediklərindən qarşı tərəfin doğrudan da Azərbaycanla beynəlxaq normalara dayanan sülh anlaşması imzalamağa hazır olduğunu görmürəm.

Biz gərək birinci ona diqqət yetirək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi niyə məhz indi belə bir intervü verməyə ehtiyac duyub.
 İkincisi, onun səsləndirdiyi fikirlər öz şefi Paşinyanın ötən ilin dekabrındakı Brüssel danışıqlarından sonra dediklərindən çoxmu fərqlənir. 
Sonuncudan başlayaq, xeyr, onun indi dedikləri ilə Paşinyanın parlamentlərindəki  bir neçə ay öncəki çıxışı arasında heç bir fərq yoxdur. Amma yəqin həmən çıxışının ardından Ermənistan baş nazirinin yenidən necə nala-mıxa vurmağa başladığı unudulmayıb. Sonra nə oldu? 
Rəsmi Bakının reaksiyasını görən, Ermənistanın bu hərəkətlərinin nəyə aparıb çıxaracağını, nə ilə nəticələnəcəyini gözəl anlayan qərbdəki bəlli çevrələr hərəkətə keçdilər və növbəti Brüssel görüşü baş tutdu. 
 Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin açıqlamasını xatırlasaq, mayın 22-dəki  danışıqlar konkret nəticələrə hədəflənmişdi və  onların bir hissəsi bu ayın sonunadək həllini tapmalıydı. Ancaq ortada heç bir ciddi dəyişiklik yoxdur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun son açıqlaması da göstərir ki, Tiflisdə Ararat Mirzoyanla keçirdiyi görüşdən narazıdır,  çünki Ermənistan tərəfi iki ölkə arasında əlaqələrin normallaşdırılmasına yönəlik ciddi addımlar atmaqdansa, geosiyasi reallığın dəyişə biləcəyi ümidi ilə vaxtı uzatmağa cəhd edir. Yəni hazırda Paşinyan Serj Sərkisyanın bir zamankı  hərəkıtlərini təkrarlayır. Minsk qrupu hara lazımdır ora getsə də, danışıqlar təşkil edənlər də bir növ həmsədrlərin davranışlarını xatırladan davranış sərgiləyirlər.  Danışıqlarda real irəliləyişin əldə olunmasına çalışmaq əvəzinə, Ermənistanın  status- kvonu qoruyub saxlamaq  niyyətini görməzdən gəlir, ona hətta müəyyən dəstək də göstərirlər. Məsələn, Birləşmiş Ştatların Dövlət Departamentinin atdığı addımlar məhz belə  bir təəssürat yaradır.
Əlbəttə, Azərbaycan buna seyrçi qala bilməz və qalmır da, ən yüksək səviyyədə xəbərdarlıq  edilir ki, Ermənistanla yenidən onun anladığı dildə danışılacaq. Məhz bunun qaçılmazlığını bildikləri üçündür ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti cənab İlham Əliyevə və öz sevimliləri Nikol Paşinyana zəng etmişdi. Bu zəngdə əsas məqsəd tərəfləri fikrimcə, yenidən Brüsseldə bir araya gətirmək idi. Düzdür,  orada uzağı avqustun birinci yarısına  belə bir görüşün keçiriləcəyi hələ mayın 22-dəki danışıqlarda razılaşdırılmışdı. Ancaq Ermənistan nə mayın 22-də, nə də ötən il dekabrın 14-də  üzərinə götürdüyü öhdəliyi yerinə yetirdi. Yerinə yetirmədiyindən də üçüncüsünün təşkili yumşaq desək, anlamsız görünürdü. Və mənə elə gəlir ki, iyulun 4-dəki telefon danışığı zamanı Avropa Birliyi Şurasının Prezidentinə dövlətimizin bu mövqeyi çatdırılmışdı. Qarşı tərəfin əks arqumenti olmadığından da qərbdə Blinkenin də zənginə və ABŞ-ın baş kəşfiyyatçısının İrəvana səfərinə ehtiyac duyulmuşdu. Çox ehtimal ki, sonuncu İrəvanda olarkən Ermənistan rəhbərliyini təkcə Rusiyaya sanksiyalardan yayınmasına köməyə son qoymağa çağırmamış, həm də bu gedişlə Azərbaycanın hansı adddımları ata biləcəyini və atmağı planlaşdırdığını onların  diqqətinə çatdırmışdı. 
Məncə, Armen Qriqoryan məhz onlara verilən məsləhətə uyğun şəkildə hərəkət edərək guya Azərbaycana qarşı heç bir torpaq iddialarının olmadığını deyir.
 Sorşuram, əgər belə bir iddiaları yoxdursa, onda təqribən yarım ay öncə Ermənistan Parlamentinin sədri Estoniyanın ölkəsindəki səfirinə niyə  narazılıq edirdi? Estoniya Parlamentinin spikerinin Şuşaya səfəri rəsmi İrəvanı nə üçün qıcıqlandırmalıdır, hansı əsasla onlar bundan narazılıqlarını bildirirlər?
Və yaxud əgər Azərbaycana qarşı torpaq iddiaları yoxdursa, onda nədən Qarabağdakı separatçı rejimi maliyyələşdirir və Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanların reinteqrasiyalarına maneçilik törədirlər. Armen Qriqoryan indi  Ermənistan adlandırılan torpaqlardakı dədə-baba yurdlarına qayıdacaq azərbaycanlıların  təhlükəsizliyi və  hüquqları haqda danışmalı olduğu halda Azərbaycan torpaqlarındakı haylardan dəm vurur, hansı məntiqlə?
Bütün bunlar onu göstərir ki, Qriqoryanın son açıqlamalarında məqsəd sadəcə Ermənistanın guya sülhə hazır olduğu görüntüsü yaratmaq və dəmir yumruğun yenidən başlarına endirilməsi vaxtını daha bir neçə ay uzatmaqdır. Bu açıqlamaları onların  havadarları sifariş ediblər. Sifariş ediblər ki, qarşı tərəfin guya  sülhə hazır olduğunu göstərib,  Azərbaycanı səbrliliyə, yeni danışıqlar aparmağa səsləsinlər. 
Yaxşı bəs son günlər Azərbaycan və Ermənistan sərhəddində, eyni zamanda da Qarabağda qarşı tərəfin törətdiyi təxribatlar nə deməkdir? Ermənistanın olduğunu inadla təkzib etdiyi bu olaylardamı qarşı tərəfin sülh niyyətindən xəbər verir?

Millət vəkili, politoloq Sahib Alıyev

visiontv.az