ANAMA öz liderlik mövqeyini daha da möhkəmləndirəcək - Elvin Abbasov
ANAMA öz liderlik mövqeyini daha da möhkəmləndirəcək - Elvin Abbasov
06.09.2022 Elvin ABBASOV Tərəfindən

"Bu gün ANAMA-nın yeni loqosunun təqdimat mərasimi oldu. Keçirilən təqdimatda  ANAMA yeni vəzifə və öhdəliklərə, “Böyük Qayıdışa” doğru yoluna Agentliyin yeni missiyasını əks etdirən loqo ilə addımlamaq niyyətində olduğunu ictimaiyyətə bildirdi. Səkkizguşəli ulduzdan ibarət yeni loqo yaradılış, yenilik, əbədiyyət rəmzi olaraq yeniliklərin yaradılması, yeni hədəflərə çatmağını əks etdirir. Mərkəzdəki dairə birlik və sabitlik rəmzi olaraq dövlət və vətəndaş birliyini, dəstəyini, bərabərlik şəklində sağlam addımlamağı ehtiva edir. Ümumiyyətlə isə son illər ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərliyi ilə görülən işlər, əldə olunan yeniliklər bizi çox sevindirir".

Bu fikirləri Visiontv.az-a açıqlamasında  “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”  İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

O bildirib ki,  bu gün keçirilən təqdimatda bir daha məlum oldu ki, ANAMA ən müasir texnologiyalar tətbiq etməklə özünün İKT sahəsindəki tərəqqisində çox maraqlıdır. Çünki qurum İKT-nin yaratdığı imkanlardan istifadə etməklə dayanıqlı inkişafını təmin edir. Hazırda ANAMA müasir texnologiyanın tətbiqi ilə azad olunmuş torpaqlarda əməliyyat-axtarış tədbirləri uğurla davam etdirir.  
ANAMA ötən ildən tətbiq etdiyi topoqrafik çəkilişlər, süni intellekt əsasında çalışan - uzaq məsafədən, yəni minalanmış sahələrin havadan tədqiqatı sisteminin tətbiqinə başlayıb. Azərbaycan dünyada ilk ölkələrdəndir ki, bu sistemi tətbiq edir. Bu sistem vasitəsilə ANAMA minaların dəqiq yerini müəyyən edə bilir. Bu da onu göstərir ki, ANAMA informasiya texnologiyalar sahəsinə çox qabaqdadır.

Elvin Abbasov həmçinin bildirib ANAMA həm ictimaiyyətə həm mətbuata açıq bir qurumdur. Bununla yanaşı bir sıra QHT-lərlə yaxından əməkdaşlıq edir.  Bu da onu göstəriri ki, ANAMA öz işini şəffaflıq üzərində qurub. AİKTSA olaraq bu bizi çox sevindirir. 

Bütün bu deyilənlər ona  əsas verir ki, gələcək illərdə ANAMA informasiya-kommunikasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklərdə öz liderlik mövqeyini daha da möhkəmləndirəcək.