Almaniya Ermənistana 1 milyard dollar (750 milyon avro) yardım göstərib
22.09.2020

Almaniya Ermənistana 1 milyard dollar (750 milyon avro) yardım göstərib.

Nəşr bildirir ki, Almaniya ABŞ-dan sonra 3 milyonluq Ermənistana ən çox maddi yarım göstərən ölkədir. Söhbət, 1992-ci ildən indiyə qədər Almaniyanın Ermənistana göstərdiyi maddi dəstəkdən gedir.

Bəs, bu müddət ərzində ABŞ Ermənistana hansı məbləğdə maddi yardım edib?

Qəzet bu suala cavab vermir. Məntiq isə onu deyir ki, bu yardım ən azı 1 milyard dollardan çoxdur. Ermənistana xüsusi sevgi bəsləyən Fransanın bu məsələdə Almaniyadan geri qalması isə təsadüfi deyil. Çünki Almaniyanın maddi imkanları daha yüksəkdir. Heç də təsadüfi deyil ki, Almaniya Avropa Birliyinin mühərriki hesab olunur. Şübhəsiz ki, digər ölkələr də Ermənistana yardım göstərirlər. O da aydındır ki, Rusiya bu baxımdan hamını kölgədə qoyub. Rusiyanın Ermənistana iqtisadi, siyasi, xüsusən, hərbi sahədə ciddi yardım göstərməsi hər kəsə bəlli olan həqiqətdir.

“Die Tagesspiegel” qəzetində gedən məqalə “Was Deutschland im Kaukasus-Konflikt tun könnte” (Qafqaz münaqişəsinin həllində Almaniya nə edə bilərdi) adlanır. Məqalədə vurğulanır ki, Ermənistana bu qədər maliyyə yardımı göstərən Almaniyanın bu ölkəyə bəlli təsir imkanları var. Almaniya Xarici İşlər Nazirliyinin müşahidəsinə görə, Ermənistanla Azərbaycan arasında danışıqlara hazırlıq getdikcə güclənir, ancaq son bəyanatlar vəziyyəti yenidən təhlükəli məcraya yönəldir.Almaniyanın siyasi dairələrini təmsil edən müəyyən qruplar, xüsusən, solçular əmindirlər ki, Almaniya Ermənistana sülh prosesinə daha çox meyllənmək şərti ilə yardım göstərməlidir. Yəni, Almaniya sənə yardım göstərir, bunun müqabilində sən də qonşunla münaqişənin nizamlanmasında daha konstruktiv mövqedən çıxış etməlisən.

Almaniya nəşri yazır ki, münaqişə 2007-ci ildə əldə olunmuş Madrid prinsipləri əsasında həll olunmalıdır. Yəni, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı ərazilərdən geri çəkilməlidir ki, həmin ərazilərə oradan qovulmuş azərbaycanlılar qayıda bilsinlər. Hesab edirlər ki, Dağlıq Qarabağa öncə müvəqqəti status veriləcək. Daha sonra isə referendum olmalıdır. Referendum isə Dağlıq Qarabağa aid olan ərazidə keçiriləcək.

“Almaniya Ermənistanla Azərbaycan arasında baş verən Qafqaz münaqişəsinə ehtiyatlı optimizmlə yanaşır”,- deyə “Die Tagesspiegel” yazır.

Məqalənin sonunda qeyd edilir ki, Livanda baş verən fəlakətdən sonra Ermənistan Livan ermənilərini Dağlıq Qarabağda yerləşdirməyə çalışır. Qafqaz üzrə ekspert Heiko Langner vurğulayır ki, Dağlıq Qarabağa xaricdən ermənilərin köçürülməsi beynəlxalq qanunların pozulması deməkdir və bu, Azərbaycan tərəfindən ciddi etirazla qarşılanır.

Elbəyi Həsənli, Sürix

Visiontv.az