Aİ-nin səfiri: “Ümid edirik ki, Azərbaycanla tərəfdaşlıq sazişini imzalayacağıq”
22.01.2020

“Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişdə razılaşdırılmayan bir sıra məsələlər ticarət və iqtisadiyyata aiddir”.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Brüsseldə yeni Avropa Komissiyası öz işinə başlayıb və Azərbaycanda da dövlət strukturlarında dəyişiklər gedir.

 

“Yeni İqtisadiyyat nazirinin təyin edilməsi sazişin imzalanması üçün olduqca vacibdir. Biz yeni nazirlə sazişin imzalanması üçün danışıqları necə aparacağımıza dair müzakirələr aparmışıq. Ötən ilin dekabrında Bakıda Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik üzrə dialoqun növbəti mərhələsi keçirilib. Avropa İttifaqından yüksək vəzifəli şəxslər bu dialoqda iştirak edib və Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirilib. Bu görüşdə Azərbaycan və Aİ arasında danışıqların bundan sonra necə aparılmasına dair müzakirələr keçirilib. Yaxın gələcəkdə Azərbaycan və Avropa İttifaqı arasında sazişə dair məsləhətləşmələrin, yaxud da danışıqların yeni mərhələsi həyata keçiriləcək. Ümid edirik ki, tərəfdaşlıq sazişini imzalayacağıq. Bunun üçün konkret tarix olmasa da, hər iki tərəf danışıqların tezliklə yekunlaşdırılmasına və imzalanmasına səylər göstərir”, - deyə K. Yankauskas qeyd edib.