Acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan kollaps vəziyyətindədir - Elçin Mirzəbəyli
Acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan kollaps vəziyyətindədir - Elçin Mirzəbəyli
14.04.2021 Elçin Mirzəbəyli Tərəfindən

Azərbaycanla müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan kollaps vəziyyətindədir və bu ölkənin yeganə çıxış yolu mövcud reallıqları qəbul etməkdən və ona uyğun davranmaqdan ibarətdir.

Qeyd edim ki, hazırda Ermənistan iqtisadiyyatına yatırımların 40%-dən çoxunu Rusiya sərmayəsi təşkil edir. Nəzərə alsaq ki, bu reallıq son 20 ildə ciddi şəkildə dəyişikliyə məruz qalmayıb, o zaman Ermənistan iqtisadiyyatının Rusiyanın ənənəvi dəstəyi ilə inkişafı mümkün deyil. Rusiyanın özünün mövcud iqtisadi durumunu nəzərə alsaq, prosesdə sürətli geriləmənin olacağı ehtimalı da var. Beynəlxalq reytinq agentliklərinin hesablamalarına görə, mövcud şərtlər altında Ermənistanın xarici borcunun 2023-cü ilədək 63% artacağı gözlənilir. Hətta bu göstəricinin özü belə siyasi sabitliyin təmin olunacağı və hakimiyyət böhranının aradan qaldırılacağı halda mümkün olacaq. Məhz bu baxımdan, parodoksal da görünsə, Ermənistandakı mövcud iqtisadi və sosial problemlərin həlli yolu, bu ölkənin Azərbaycana və Türkiyəyə münasibətdə sərgiləyəcəyi siyasətdən asılıdır. Yalnız bu halda Ermənistan regiondakı iqtisadi proseslərə inteqrasiya edə və kommunikasiyaların bərpası nəticəsində əldə edəcəyi “iqtisad nəfəslik”dən faydalana bilər.

Ermənistan iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən başqa bir məqam isə, bu ölkənin Türkiyə ilə sərhədlərinin açılmasıdır. Bu isə yalnız rəsmi İrəvanın qonşulara qarşı ərazi iddialarından həmişəlik əl çəkəcəyi, kommunikasiyaların bərpa ediləcəyi və Zəngəzur dəhlizinin işə düşəcəyi halda mümkün ola bilər.

Məlum olduğu kimi Ermənistanın Rusiya ilə birbaşa sərhədi yoxdur. Hətta Rusiya-Ermənistan iqtisadi münasibətlərinin intensivləşməsinin özü belə, yenə də kommunikasiyaların bərpası nəticəsində mümkün ola bilər ki, burada da açar ölkə, şübhəsiz ki Azərbaycandır.

Ermənistan qonşu dövlətlərlə iqtisadi əlaqələrinə gəldikdə isə, bu ölkə həm insan, həm də təbii resurslarına görə region dövlətləri üçün heç bir əhəmiyyətə malik deyil. Məsələn, 2020-ci il ərzində 36,5%-lik inflyasiya şoku yaşayan İran üçün, sözdə nə deyilməsindən asılı olmayaraq, Ermənistan iqtisadi münasibətlər üçün cazibədar ölkə sayıla bilməz. Qeyd edim ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2021-ci ilin sonunadək İranda inflyasiyanın 39% olacağı gözlənilir...

Ermənistanın digər qonşusu – Gürcüstanın iqtisadiyyatının həcmi də, birinciyə manevr imkanları tanımır. Digər tərəfdən, Gürcüstan iqtisadiyyatında Azərbaycanın sərmayələrinin çəkisini nəzərə alsaq, rəsmi Tiflisin Ermənistanla münasibətlərində ənənəvi “çəki-düzəni” qoruyub saxlayacağı kimsəyə sirr deyil.

Məhz bu baxımdan, Ermənistan iqtisadiyyatının dirçəldilməsinin yeganə yolu, bu ölkənin tranzit imkanlarının yaranmasından keçir. Bu isə, təbii ki, Azərbaycan və onun sadiq müttəfiqi Türkiyənin iştirakı olmadan mümkün deyil. Azərbaycanın Ermənistanla əməkdaşlığının perspektivi isə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın siyasi rəhbərliyinin davranışlarından asılıdır.

Visiontv.az