Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılmasına 5 milyon manat ayrılıb
23.11.2019

Prezident İlham Əliyev Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Visiontv.az Azərtac-a istinadən xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılması vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".