ABŞ və Avropanın yeni trendi: İnqilabları liderlər yox QHT-lər edir
ABŞ və Avropanın yeni trendi: İnqilabları liderlər yox QHT-lər edir
09.03.2023 Şöhrət El-Dəniz Tərəfindən

Gürcüstanda baş verənlər barədə yazacaqlarım mənim subyektiv fikirimdir. Mən bu cür düşünürəm deyə yazıram. Son görüntü “xalq qalib gəldi” fikrini deməyə əsas verir. Doğrudan da Gürcüstan hökumətinin Parlamentdə qəbul etdirmək istədiyi “Xarici agentlər” haqqında qanunu geri çəkməklə həm də Tiflis küçələrinə çıxan insanların qarşısında geri çəkildi. Və bununla da insindentin sona çatdığını düşünmək olar. Amma mən Gürcüstandakı hadisələrin başa çatdığını düşünmürəm.

Gürcüstan hadisələri nəyi aşkara çıxartdı?

Mən uzun-uzadı Ukrayna müharibəsindən, ABŞ-Rusiya, Avropa-Rusiya qarşıdurmasından yazıb, gətirib Gürcüstana bağlamaq, İvanaşvili-Saakaşvili mübarizəsindən ağıllı cümlələr qurub özümə politoloq sayağı poz vermək fikrim yoxdur. Mən sadəcə Tiflisdə “xalqın gücü”nün necə formalaşdığını, 1 gecənin içində küçələrdə 10 minlərlə insanın necə peyda olduğuna aydınlıq gətirəcəyəm. 
Hadisəyə səbəb “Xarici agentlər” haqqında qanunudur. Bu qanun kimə sərf etmir? Bu qanunun sıravi vətəndaşa nə ziyanı var? Bəyəm gürcü istəyir ki, ölkəsində xarici agentura şəbəkəsinə bağlı qüvvələr at oynatsın, dövlət strukturlarında xəyanətlə məşğul olsunlar? Təbii ki, istəmir və istəməz də. Bu qanun ABŞ-da 50 ildir qəbul olunub. Gürcüstan Parlamentinin qəbul etmək istədiyi qanun layihəsi də birə-bir ABŞ qanunvericiliyindən köçürülüb. 


Bəs bu qanunun qəbul olunması kimə sərf etmədi? 

Kimə sərf etmirsə Tiflis küçələrinə camaatı da onlar çıxartdı. 

Suala cavab verməzdən əvvəl Paşinyanın 44 günlük müharibədə Ermənistanın biabırçı məğlubiyyətindən sonra yenidən baş nazir seçilməsinin səbəbinə bir az deyinmək istəyirəm. Bir dəfə bu barədə yazmışam. Qısa təkrar edəcəm. Paşinyan erməni xalqının lideri deyil. Və ümumiyyətlə onda liderlik keyfiyyəti yoxdur.  Amma seçkiləri udur. Bu necə olur? 
Çox sadə. 
2 milyon yarımdan az əhalisi olan Ermənistanda Avropaya və ABŞ bağlı 10 mindən çox (təqribən 12-15 min arası) Qeyri-Hökumət Təşkilatları fəaliyyət göstərir. Böyüklüyündən və kiçikliyindən asılı olaraq bu təşklatlara aylıq xırda bir layihə üçün 5-10 min dollar civarında qrant ayrılır. Böyük təşkilatlara təbii ki, daha çox pul verilir. İndi qısa riyazi bir hesablama aparaq. Təsəvvür edin ki, İrəvanda fəaliyyət göstərən 10 min QHT-nin minimum 5 üzvü var. Bu 5 üzvün 3 nəfərdən ibarət ailə üzvü var. Bu ailə üzvülərinin qohum əqrabaları ilə bir yerdə həmən QHT-nin təsir dairəsinə təqribən 30-50 adam düşür. Minimum götürürəm, lap olsun 20 adam. 20 adamı 10 minə vurduqda edir 200 min vətəndaş. Təsəvvür edin ki, ABŞ və Avropaya lazım olsa uşaqlı, qocalı 1 milyonluq sakini olan İrəvanda bir gecədə küçələrə 200 min öz siyasi baxımdan aktiv tərəfdarını çıxartmaq imkanı var. 200 min aktiv insanın nə demək olduğunu isə izah etməyə ehtiyac yoxdur. Və Paşinyanın gücü də məhz burdan qaynaqlanır. Yaddan çıxmadan bunu da qeyd edim. Avropa və ABŞ 2023-cü il üçün Ermənistanda QHT və medianı maliyyələşdirmək, qrant vermək üçün təqribən 2 milyard dollar pul ayırıb. 

Keçək Gürcüstana. 

Gürcüstanda QHT sektoru Ermənistanda da güclü və aktivdir. Hələ Saakaşvilinin vaxtında bu ölkədə vətəndaş cəmiyyəti institutları geniş yayılmağa başladı. Və bu gün həm sayına, həm də maliyyə imkanlarına görə MDB məkanında ən effektiv fəaliyət göstərmək imkanları var. Gürcüstanda Avropa və ABŞ tərəfindən maliyyələşən minlərlə QHT-nin fəaliyyətinə şərh vermək istəmirəm. Amma onu demək istəyirəm ki, sayı 10 mini keçən QHT-lərin Tiflis küçələrinə bir gecədə 50-100 min insanı çıxartmaq su içmək kimi bir işdir. Və bu gün Gürcüstanda “Xarici agentlər” haqqında qanunun qəbul olunmamasında maraqlı qüvvələr Avropa və ABŞ-dan maliyyələşən Qeyri-Hökumət Təşkilatlarıdır. Ki, Brüsselin və Vaşinqtonun bütün siyasi sifarişlərini yerinə yetirirlər. Çox maraqlıdır ki, bu təşkilatlar onları bu həddə qədər yüksəldən Saakaşvilini müdafiə etmədilər. Səbəb isə o idi ki, Saakaşvili ənənəvi lider statusunda hakimiyyətə gəldi. Və yenə də  lider kimi həbsdə yatır. Avropa və ABŞ-ın siyasi texnoloqlarına bu gün ənənəvi lider lazım deyil. Və onların bu günkü trendi lidersiz hakimiyyətə nəzarət mexanizmidir. Ki, bütün ölkələrdə tətbiq etməyə çalışırlar. Kim də müqavimət göstərir həmən ölkələrdə yaradılan QHT sektoru vasitəsilə sıradan çıxardırlar, xaos yaradılır. Ona görə də bu gün Gürcüstanda baş verənlərə və “xalqın qələbəsi”nə bu konteksdə yanaşmaq məncə daha düzgün olardı. 


O ki qaldı Gürcüstan-Rusiya müharibəsindən sonra Avropa ilə Kremlin Saakaşvilini hakimiyyətdən uzaqlaşdırıb bu ölkədə idarəetmənin müştərək variantını tətbiq etmələri, Ukrayna müharibəsindən sonra bu müştərək layihədə yaranan çatlar, buna görə Tiflisdə yaranan qarşıdurma və sair məsələləri də qoy politoloqlar şərh etsin. Mən sadəcə olaraq Gürcüstanda iki gün ərzində kimlər nə etdi sualına cavab verməyə çalışdım.  

Şöhrət El-Dəniz

visiontv.az