ABŞ Ukraynaya F-16-ları nə zaman və hansı şərtlərlə verəcək?
ABŞ Ukraynaya F-16-ları nə zaman və hansı şərtlərlə verəcək?
17.03.2023 MEDİA Tərəfindən

Ağ Ev(Bayden) və Pentaqon(Mark Milli) arasında yenə yumşaq desək fikir ayrılığı yaranıb. Niyə Bayden F-16-ların verilməsini əngəlləyir? Krım Ukraynaya qaytarılacaqmı?

Son günlər ərzində görsənməyən amillər səbəbindən ABŞ-da Ukraynaya F-16-ların verilmə məsələsi yenidən gündəmdə oldu. ABŞ siyasi səhnəsində fərqli fikirlər, fərqli və ziddiyətli mövqeləri müşahidə edirik. İndi isə necə deyərlər step by step(addımbaaddım) hadisələri qeyd və təhlil edək.

* Senatorların məktubu. "Cənab Bayden Ukraynanın qələbəsini istəyirsinizsə F-16-ları verin" mesajı.

Bir neçə gün qabaq xəbər yayıldı hər 2 partiyanın Senatda nümayəndələri GUYA "Pentaqona təzyiq üçün"(əslində təzyiq hədəfi Pentaqon deyil, Ağ Evdir, bu prinsipial fərqdir, məqalənin sonunda fərqin mahiyyətini başa düşəcəksiniz) Lloyd Ostinə Ukraynaya F-16-ların verilməsi üçün hərbi-texniki şərtlərin açıqlanmasını və ABŞ-ın Ukraynaya F-16-ların göndərilmə ehtimalını yenidən qiymətləndirməyə çağırıblar.

Bir, çox(!) vacib məqama diqqət yetirək. Məktubu imzalayan kimlərdir, hansı senatorlardır?

Məktubun müəllifi Arizona ştatından senator Mark Kelli(demokrat, Senatın Silahlı Qüvvələr üzrə komitəsinin üzvü), senator Temmi Dakvort(demokrat, Senatın SQ üzrə komitəsinin üzvü), senator Tim Keyn(demokrat, Senatın SQ üzrə komitəsinin üzvü), senator Ceki Rozen(demokrat, Senatın SQ üzrə komitəsinin üzvü), senator Martin Haynrix(demokrat, hərbi sənaye alt komitə), Tommi Tubervil(respublikaçı, Senatın SQ üzrə komitəsinin üzvü), Ted Bad(respublikaçı, Senatın SQ üzrə komitəsinin üzvü), Liza Murkovsi(respublikaçı, hərbi sənaye alt komitə).

-Xüsusi qeyd.

Məktubun müəllifi senator Mark Kelli ukraynalı pilotların təlimlərini kurasiya edən şəxslərdən biridir. Təlimlər Kellinin təmsil etdiyi Arizona ştatında keçirilir.

Sizcə niyə mən senatorların üzv olduğu komitələri xüsusilə qeyd etdim? Senator ilk növbədə LOBBİÇİDİR. Senatın SQ üzrə komitəsi HƏR ZAMAN Pentaqonun maraqlarını təmsil edirdi, SQ komitəsini Pentaqonun siyasi qanadı adlandırırlar. İndi mətbuatda yazanda ki, "senatorlar Pentaqona təzyiq edirlər" bu başlıqlar mənə gülməli gəlir, adlarını çəkdiyim senatorlar Pentaqonun maraqlarını Senatda təmsil edirlər indi elə çıxır ki, onlar özləri özlərinə təzyiq edirlər? Təbii ki yox, bəs onda hədəfdə kimdir? Bu suala cavabı sonda tapacağıq.

* ABŞ Hərbi Hava Qüvvələrinin ən titullu və ən peşəkar pilotu Den Hempton Ukraynada hərbi əməliyyatlarda F-16 qırıcını idarə etmək hazır olduğu barədə bəyanat verdi. Bu görsənən tərəfdir. Görsənməyən tərəf isə odur ki, bu Ağ Evə qarşı demarşdır və Pentaqonun təzyiq əməliyyatı çərçivəsində növbəti addımdır. Niyə?

Den Hempton ABŞ HHQ-nin ən peşəkar pilotlarından biri hesab olunur, zəngin hərbi təcrübəsi var, orduda nüfuza malikdir. Hempton bəyan etdi ki, F-16-ların idarə etmək üçün ukraynalı pilotların hazırlanması uzun prosesdir və əgər SİYASİ İRADƏ olsa, ABŞ pilotları "beynəlxalq legiona" qoşulub Ukraynada F-16-ları idarə edə bilərlər. Hempton əlavə etdi ki, özü də Ukraynada döyüşməyə hazırdır.

İndi yadınıza salın, Ağ Ev Ukraynaya F-16-ların verilməməsinin əsas səbəbi kimi nəyi göstərirdilər?

-Ukraynalı pilotların hazır olmaması.

Den Hempton isə nə etdi?

Ağ Evin əsas arqumentini darmadağın etdi və "verə bilərik, sadəcə istəmirik" ictimai rəyi formalaşdırmağa başladı.

Gördüyünüz kimi, Ağ Ev və Pentaqon arasında fikir ayrılığı mövcuddur və fərqli vasitələrlə bir tərəf(Pentaqon) hücum edir o biri tərəf(Ağ Ev) isə müdafiə olunur. Bəli, gördüyünüz kimi bugünkü mərhələdə Ağ Ev F-16-ların verilməsinin əleyhinədir, Pentaqon isə əksinə. İndi isə keçirik əsas məsələyə, bəs bunu kökündə nə dayanır, niyə Bayden bu mövqedədir?

Bir neçə gün qabaq Politico qalmaqallı məqalə dərc etdi. Məqalədə deyilirdi ki, Vaşinqton və Kiyev arasında fikir ayrılıqlar genişlər və buna səbəb olan 3 məsələ göstərilib: "Şimali Axın"ında diversiyalar, Bahmut, Krım.

Bahmutu birlikdə müzakirə etmişdik, "Şimal Axın"ında diversiyaları yaxın gələcəkdə müzakirə edəcəyik, Krımı isə indi, ona görə ki F-16-ların verilməsi ancaq və ancaq Krımla bağlıdır.

Müharibənin ilk aylarında Ukrayna SQ artıq müdafiədən hücuma keçəndə, həm müsahibələrimdə, həm bir çox yazılarımda deyirdim ki, Bayden Krımın Ukraynaya diplomatik yolla qaytarılmasını nəzərdə tutur, hərbi müdaxilənin əleyhinədir. Bayden, yaxın gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyi fonunda, yeni hökumətlə diplomatik masada sanksiyaların bir qisminin ləğv olunması şərtilə Krımın Ukraynaya qaytarılmasını təşkil etmək planlaşdırırdı(müharibənin bitməsindən 2 ildən sonra nəzərdə tutulurdu). Bu 2 il ərzində Ukrayna sürətlə bərpa olunacaq və güclənəcək idi, Rusiyada isə əksinə, sanksiyalar iqtisadiyyatı darmadağın edəcək idi və Rusiyaya diplomatik masaya əyləşməyə məcbur olacaq idi.

Məsələ ondadır ki, Pentaqon bəzi məsələlərdə Ukrayna Prezident Ofisilə həmfikir olmasa da(misal üçün Bahmut), Krım məsələsində həmfikirdir. Ukrayna Prezident Ofisi və Pentaqon Krımın hərbi yolla qaytarılmasının tərəfdarır.

Bəs F-16-ların buna nə adiyyatı?

Ukrayna SQ-nin F-16-lara kəskin ehtiyacı ancaq Krıma hərbi müdaxilə zamanı yaranacaq. Başqa ərazilərdə əməliyyatlar üçün LAZIM OLAN bütün silahlar verilir.

İndi görürsünüz F-16-ların verilməsi məsələsinin kökündə nələr var.

Əgər Bayden fikrini dəyişərək Krımın Ukraynaya hərbi yolla qaytarılması fikrinə düşsə, F-16-lar dərhal veriləcək, pilotlar da müəmmalı şəkildə "işıq sürətilə" təlimlərdən keçəcək. Əsas şərt Baydenin siyasi iradəsidir.

Politoloq Kamran Cəfərov

visiontv.az