ABŞ-Rusiya cəbhəsində hansı proseslər müşahidə olunacaq?
16.04.2021

ABŞ-Rusiya münasibətlərinin bundan sonra hansı formada cərəyan edəcəyi ilə əlaqədar məsələ analitik müzakirə və mübahisə predmetinə çevrilib. Ümumiyyətlə, səsləndirilən fikir və bəyanatlar deməyə əsas verir ki, ABŞ-da baş tutmuş sonuncu prezident seçkilərindən sonra bu ölkənin strateji institutları Rusiya ilə iş sahəsində ciddi paradiqma dəyişikliyi edib. Düşünürəm ki, bu mərhələdə kəskin - gərgin strateji rəqabətin və mübarizənin şahidi olacağıq.

Zənnimcə, qarşıdakı dövrdə Rusiyaya yönəlik daha aqressiv və geosiyasi pressinq xarakterli strateji kurs reallaşdıracaq. Son 7 il ərzində Rusiyanın mövqeyinin möhkəmləndiyi regionlara ABŞ tərəfindən aktiv geoiqtisadi müdaxilələr ediləcək. Təbii ki, Rusiya ənənəvi təsir dairələrində mövqeyinin zəifləməməsi üçün həm ciddi müqavimət göstərəcək, həm də yeni həmlələrlə çıxış edəcək. Hətta bu güc mərkəzlərinin bəzi regionlarda dəstəklədiyi qüvvələr arasında lokal hərbi-siyasi qarşıdurmaların şahidi ola bilərik.

Yeni mərhələdə ABŞ-ın xarici siyasətində Rusiyanı birbaşa maraqlandıran kardinal dəyişikliklərdən biri Birləşmiş Ştatların Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi və NATO-nun gücləndirilməsi cəhdləri olacaq. Rusiya-Çin geoiqtisadi işbirliyinə qarşı ABŞ-Avropa İttifaqı iqtisadi-enerji əməkdaşlıq platformasının şaxələndiriləcəyi proqnozlaşdırıla bilər.

Bunlarla yanaşı, Rusiyanın sərhədlərində və Moskvanın öz "sərhəd təhlükəsizliyi zonası" hesab etdiyi ərazilərdə NATO-nun varlığının artırılması, bu alyansın mövqeyinin möhkəmləndirilməsi istiqamətində də bir sıra addımların atılacağı gözlənilir. Lakin Rusiyanın Qafqaz regionunda, Mərkəzi Asiya və Yaxın Şərqdə yaxınmüddətli perspektivdə hərbi-siyasi mövqeyinin zəifləyəcəyini düşünmürəm. Onsuz da, paradiqma dəyişikliyindən sonra və yeni strateji kursun fonunda ABŞ-ın bu ərazilərdə situasiyanı öz lehinə dəyişdirmək planı ortamüddətli perspektivə hesablanıb. Lakin bu prosesə start verilməsi fonunda Avrasiyanın bəzi "qaynar nöqtə"lərində də zaman-zaman tərəflərin birbaşa və dolayı iştirakı ilə hərbi-siyasi hərəkətlənmələrin olacağı qənaətindəyəm.

Sadalananlarla yanaşı, Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyini düşünürəm. Lakin “sanksiya immuniteti” formalaşmış Rusiyanın bu embarqolardan ciddi təsirlənəcəyi qənaətinə gəlmək olmaz. Moskva alternativ hərbi-siyasi və iqtisadi vasitələrlə bu embarqonun neqativ nəticələrini müəyyən qədər kompensasiya edə biləcək.

Bütövlükdə, beynəlxalq münasibətlər sistemində yeni mərhələyə keçidi sürətləndirəcək ABŞ-Rusiya strateji mübarizəsinin növbəti və daha gərgin fazası başlayıb.

Nurlan QƏLƏNDƏRLİ

POLİTOLOQ

Visiontv.az