"ABŞ Orta Şərqdəki hadisələrdə heç də günahsız deyil" - BSB BMT-ni ABŞ təcavüzünü qınamağa çağırır
09.01.2020

Beynəlxalq təşkilatlar və dünya dövlətləri İran hərbi komandiri general Süleymaninin öldürülməsinə reaksiya verdi. Bütün beynəlxalq ictimaiyyət Orta Şərqdəki beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaradan proseslərdən narahatdır.

Visiontv.az-ın verdiyi xəbərə görə, Beynəlxalq Sülh Bürosu (BSB) BMT-ni ABŞ-ın təcavüzünü qınamağa çağıran bəyanat yayıb. BSB-nin bəyanatının tam mətni belədir:

"İranlı general Süleymaninin qanunsuz sui-qəsdi ABŞ tərəfindən müharibə aktı idi və buna yol verilməməlidir. Süleymaninin hansı cinayətləri törətməsindən asılı olmayaraq, ABŞ-ın birtərəfli hərəkətə keçərək İraq və Suriyadakı İranla əlaqəli beş obyekti bombalamağa hüquqi və ya mənəvi haqqı yoxdur. İraq, Suriya və İran suveren ölkələrdir və ABŞ belə hücumlarla bu cür təcavüzkar aktları qadağan edən beynəlxalq qanunları kobud şəkildə pozmuşdur. ABŞ həmçinin, İran hökumətini və xalqını alçaltmış və təhqir etmişdir. ABŞ Yaponiyadakı və Koreyadakı hərbi bazalarına hücum edilməsinə və ya Birləşmiş Ştatların Baş Qərargah rəislərinin öldürülməsinə necə cavab verərdi?

Süleymaninin öldürülməsinin 1914-cü ildə Birinci Dünya Müharibəsinə səbəb olan, Sarayevoda Avstriya ershersoqu Frans Ferdinandın sui-qəsdinə bənzədiyinə dair narahatlıq var. Müharibə alovlandıqda, bunun qarşısını almaq çətin olur. Biz artıq keçmişdən öyrənməliydik ki, MÜHARİBƏ CAVAB deyil.

İndi bizim vəzifəmiz, əlbəttə ki, İranın qisas olaraq yaradacağı gərginliyin, daha geniş müharibənin və hətta nüvə müharibəsinin qarşısını almaq üçün əlimizdən gələni etməkdir. Dərhal cahanda sülh hərəkatı üçün fəaliyyətə başlamağa çağırırıq.

Donald Tramp sui-qəsdin zəruri olduğunu iddia edir, lakin xatırlamaq lazımdır ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (İranla nüvə sazişi) ABŞ-İran gərginliyinin diplomatik həlli üçün əsas sayılırdı. Tramp və Boltonun bu Sazişi pozması nəticəsində bütün dünyanın içinə düşə biləcəyi bir boşluq yaranıb.  

Süleymaninin sui-qəsdi ilə müharibə başlatmaq əvəzinə, daha ağıllı liderlər, qətllə gərginlik yaradılmasına deyil, diplomatiya yolu ilə hərbi gərginliyi azaltmağa çalışardılar.

ABŞ-ın nüvə silahının istifadəsini də nəzərdə tutan, dünyanı qlobal qarşıdurmaya daha da yaxınlaşdırmaq üçün edilən düşüncəsiz, zorakı, ciddi təhlükə doğuran hərəkətlərini tamamilə rədd edirik və buna nifrət hissi bəsləyirik. 1982-ci ilin aprelində "Palme Komissiyası" kimi bilinən "Tərkisilah və Təhlükəsizlik Məsələləri üzrə Müstəqil Komissiya" 'dövlətlər artıq bir-birini sıradan çıxararaq təhlükəsizlik axtara bilməzlər; bu yalnız birgə öhdəliklər yolu ilə əldə edilə bilər' fikri səsləndirildi. 

'Ümumi təhlükəsizlik' anlayışı iqlim dəyişikliyinin baş verdiyi və nüvə müharibəsinin mövcud olduğu zamanda həmişəkindən daha vacibdir.

Bundan əlavə, BSB, BMT Təhlükəsizlik Şurasını ABŞ-ın təcavüzünü pisləməyə çağırır. Bununla yanaşı, Avropa Birliyini hər hansı bir müharibəni dəstəkləməkdən imtina etməyə, İrana qarşı hər hansı hərbi hücumun əleyhinə olmağa və AB üzv dövlətlərini ərazilərindəki ABŞ hərbi obyektləri və hərbi bazalarından istifadə etməsinə icazə verməməyə çağırır. 

Sülh hərəkatını başlatmağın vaxtı çatıb! Bu fəlakətli müharibənin qarşısını almaq üçün hər hansı bir siyasi və ya sosial sərhədlərə baxmayaraq, birləşək! "

Eurasia Diary