ABŞ-nin öz adını bizə qoymasını mən qətiyyətlə rədd edirəm
ABŞ-nin öz adını bizə qoymasını mən qətiyyətlə rədd edirəm
18.09.2023 Sahib Alıyev Tərəfindən

Mən ABŞ Senatında Qarabağdakı vəziyyətlə bağlı dinləmə olan gün o haqda öz fikrimi bildirmişdim.

Açığı gözləyirdim ki, Azərbaycanın rəsmi səviyyədəki kəskin reaksiyasından sonra regiondakı reallıq haqda Kim Kardaşyandan elə də çox  təsəvvürü olmadığı açıq-aydın görünən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini yerinə yetirən Yuri Kimin Menendescəsinə davranışlarıyla bağlı hansısa üzürxahlıq ediləcək. Amma bu, baş vermədi.  Və təkcə ona görə yox ki, Senatdakı bu şouda məqsəd  bizim regiondakı vəziyyətə təsir etməkdən daha çox, özlərində gələn il keçiriləcək seçkidə istəklərinə çatmaq idi. Yəni Azərbaycanı hədəfə alanlar ahıllığından doğan bəzi hərəkətlərindən də göründüyü kimi o yükü çəkmək gücündə olmayan birini yenidən Pezident seçdirməyin peşindədirlər. 

Bununla yanaşı, okeanın o tayındakıların bizim regiondakı reallığı baş-ayaq təqdim etmələrinin başqa səbəbləri də var.  Bizdə bir məsəldə deyilir ha, adımı sənə qoyum, səni yana-yana qoyum-bax, ABŞ Senatında Qarabağda yaranmış vəziyyətlə bağlı dinləmələrdə o ölkənin təmsilçilərinin Azərbaycan haqda dedikləri haradasa ona bənzəyir. “Haradasa” sözünü burada ona görə işlədirəm ki, həmən ölkənin Qarabağ məsələsində sərgilədiyi  mövqe bizim üçün təzə deyil, yəni artıq burada yanmalı heç nə yoxdur. Və ABŞ-nin beynəlxalq normaları görməzdən gəlməsi, ədalətsizliyi, ayrı-seckilik etməsi, Senatda dinləməyə qatılanlardan birinin hayların xristian olmasını qabartmasından da göründüyü kimi, Azərbaycanla Ermənistan arasındakı qarşıdurmaya Handiqtoncasına yanaşması birinci dəfə deyil. Söhbət öz geösiyasi maraqlarını reallaşdırmaq üçün Yaxın Şərqin və Əfqanıstanın altını-üstünə çevirən, Rusiya-Ukrayna qarşıdurmasının yaranmasında, onun lokal toqquşmalardan genişmiqyaslı savaşa çevrilməsində müstəsna rol oynayan, Qarabağdakı “miatsumçu”ların “Böyük Ermənistan” xülyasına düşmələrində də “yardım”ını əsirgəməyən bir ölkədən gedir.

Ona görə də ABŞ-nin öz adını bizə qoymasını mən qətiyyətlə rədd edirəm. Bu xalqın tarixində heç zaman digərlərinə qarşı amansız soyqırımı törədərək onların torpaqlarında özünə dövlət yaratmaq kimi bir rəzillik olmayıb və olmayacaq.  BMT-nin  neçə qətnaməsinə rəğmən Kubanı uzun zaman blokadada saxlayıb yüz minlərlə insanın qırılmasına səbəb olan bir dövlət hansı haqla Azərbaycanı bunda ittiham edə bilər?  Blokadadan söz düşəndə onlar gərək mumlasınlar axı. Saylarını azı iki dəfə şişirdərək guya 120 min nəfəri blokadada saxladığımızdan narazılıqlarını  bildirənlər(özü də bilə-bilə ki, belə bir şey yoxdur) görəsən keçmişlərinə baxıb az da olsa utanıb yerə girirlərmi?

 Azərbaycan hökuməti Rusiyadan əvvəl ABŞ-yə çağırış etmişdi ki, bir halda Qarabağda “humanitar fəlakət” olduğunu deyirsiniz, buyurun, Ağdam-Xankəndi yoluyla yardımınızı çatdırın. Rusiya çatdırdı, onlar bəs niyə etmədi?   Vicdansızlıqları, gözlərinin içinə kimi yalan danışdıqları, idbarlıqları üzə çıxacaqdı və bundan sonra səfirlərini Şuşaya qoymamalarının heç bir anlamı qalmayacaqdı, ona görəmi?

Mənə maraqlı gələn odur ki, otuz il boyunca ən çeşidli yollara əl atsalar da, bu xalqı, bu dövləti Qarabağsızlığa alışdıra bilmədiklərinii 2020-ci ilin payızında açıq-aydın görənlər nədən bundan bir nəticə çıxarmayıblar? Onlar anlamırlarmı ki, səfirlərini Şuşaya göndərməməklə, Senatdakına bənzər şoular düzənləməklə,  Azərbaycanı uydurma blokada tətbiqində, hətta “soyqırımı”nda suçlandırmaqla bizim öz torpaqlarımız üzərində suverenliyimizin tam təmininə yönəlmiş addımlarımızın qarşısını ala bilməyəcəklər? Əksinə özlərinə olan haqlı narazlığı nifrətə çevirərək  möhkəmləndirəcəklər.

Bəli, burada “Milli” Şura adlandırılan yığnaqdakılar və “no var”çılar kimi onların yan-yörəsində fırlananlardan ibarət az sayda tərəfdarları da var. Amma bircə gün qrantlarını kəssələr, həmən o tərəfdarlarının üzlərinin necə dönəcəyini görəcəklər. Çünki qrantla bəslədikləri dəfələrlə göstəriblər ki, onlar üçün ABŞ ilə sevimlilərini “böyük şeytan” adlandıran  İranın, yaxud Prezidentinə 2013-cü ildə məktub göndərdikləri Rusiyanın elə də fərqi yoxdur. Muzd qarşılığında böyük-kiçik fəqr etmir,  bütün şeytanlarla əməkdaşlığa hazırdırlar. İkincisi isə ABŞ Əfqanıstandan çıxanda ona xidmət edənləri taleyin ümidinə buraxdığını, həmən adamların içəri alınmadıqlarından təyyarələrin şassisindən yapışaraq  göyə qalxıb oradan da necə yerə çırpıldıqlarını öz gözləri ilə görüblər. Və o gün yerə çırpılan təkcə həmən bədbəxtlər deyildi, həm də ABŞ-nın olan-qalan imici idi.

Millət vəkili Sahib Alıyev

Visiontv.az