ABŞ-ın Ukraynaya göndərdiyi silahlar oğurlanır?
ABŞ-ın Ukraynaya göndərdiyi silahlar oğurlanır?
30.03.2023 MEDİA Tərəfindən

Rusiya xüsusi xidmət orqanları(Federal Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti) ABŞ-ın Ukraynaya dəstəyini azaltmaq üçün uzun müddət "Ukraynaya göndərilən silahlar rüşvətxor məmurlar tərəfindən mənimsənilir və qara bazarda satılır" tezisi yayırdı (siyasi agentura vasitəsilə).

Bu tezisdən trampçı respublikaçılar Ukraynaya hərbi dəstəyin tərəfdarlarına (Bayden administrasiyası+Konqresin hər 2 palatasında demokratlar+qismən respublikaçılar) qarşı istifadə edirdilər. İnformasiya məkanında( FOX kanalı+respublikaçıların kurasiyasında olan böyük media platformalarda) amerikalı vergi ödəyiciləri qarşısında Ukraynanın "rüşvət içində boğulan ölkə" imicini formalaşdırmağa çalışırdılar, Konqresdə Ağ Evə təzyiq məqsədilə Pentaqondan dəfələrlə xüsusi inspeksiyaların göndərilməsi tələb olunurdu(belə çağırışlara Pentaqon reaksiya vermək məcburiyyətindədir) və ən əsası, keçmişdə göndərilən silahların təyinatı üzrə istifadəsini nəzarət edən inspeksiyanın yaradılması tələbi irəli sürülmüşdü(qəbul olunmadı), bu isə öz növbəsində yeni hərbi yardımların ayrılmasına çox ciddi problemlər yarada bilərdi.

Trampçı respublikaçıların və FTX(FSB)-XKX(SVR) tandeminin birgə məqsədi var idi-Bayden administrasiyasının Ukraynaya göndərdiyi hərbi yardımları əngəlləmək.

İndi isə ayrılan silahların (pulların) Ukraynaya çatdırılma marşrutuna və bu prosesə nəzarət mexanizmlərə diqqət yetirək:

Konqresdən hərbi yardım üçün ayrılan maddi vəsait Pentaqonun hesabına köçürülür.

Silahların ayrılması üçün fərqli (ən çox istifadə olunan mexanizm PDA-dır, PDA-Presidential Drawdown Authority) mexanizmlər mövcuddur, seçilən mexanizmə müvafiq olaraq ABŞ Dövlət Departamentinin tabeliyində olan qrup maliyyə köçürmələrə diqqətlə nəzarət edir. Başqa sözlərlə ABŞ Dövlət Departamenti Pentaqona nəzarət edir. Bu nə deməkdir?

 Prezident Bayden 15 aprel 2021-ci ildə ABŞ-da "fövqəladə vəziyyət" elan etmişdi (dəfələrlə bu barədə yazmışdım) və bu barədə Konqresi məlumatlandırmaq üçün məktub göndərmişdi. "Fövqəladə vəziyyət" sıravi amerikalıların gündəlik həyatlarına heç bir təsir göstərmir, amma Prezident Baydenə Konqresin razılığı olmadan Ukraynaya hərbi yardım göndərmək imkanı verir. Bu cür qərarlar ABŞ-da "executive order" adlandırılır, yəni Prezidentin təkbaşına verdiyi qərar. Bayden bu qərarı imzalayandan sonra PDA(PDA ancaq "fövqəladə vəziyyət"də işə düşür) proqramına müvafiq olaraq Pentaqonun rezervlərindən silahlar çıxarılır və Ukraynaya göndərilir. Siz soruşacaqsınız bəs silahlar Pentaqonun rezervlərindən ayrılırsa və de-yure bu əməliyyatı həyata keçirmək üçün Konqresin razılığına ehtiyac yoxdursa, niyə demokratlar Konqresdə 1 ildən çoxdur dəfələrlə Pentaqonun hesabına çox böyük məbləğlərin ayrılmasını təmin ediblər(bildiyiniz hərbi yardım paketləri). ABŞ qanunvericiliyində Pentaqonun rezervlərində silahların say limiti var, silahların sayı limitlərdən aşağı ola bilməz, başqa sözlərlə silah-sursatlar göndəriləndən sonra Pentaqon hərbi şirkətlərlə müqavilə bağlayır ki, rezervləri yenidən doldursun. ABŞ Dövlət Departamenti tərəfindən yaradılan nəzarət qrupu da məhz bu müqavilələrə nəzarət edir.

Pentaqonun bazalarından silahlar amerikalı hərbi müfəttişlərin müşayətilə Polşanın Jeşuv şəhərinə çatdırılır.

Jeşuvda amerikalı hərbi müfəttişlər həmin silahları Polşadaki amerikalı hərbi müfəttişlərə təhvil verirlər.

Jeşuvdan silahlar Ukraynaya quru yolla göndərilir. Ukrayna ərazisinə daxil olanda Polşadaki amerikalı hərbi müfəttişlər bu silahları Ukrayna Müdafiə Nazirliyinə təhvil verirlər. Bu təhvil-təslim prosesi Ukraynadaki amerikalı hərbi müfəttişlərin nəzarəti altında aparılır. Yəni silahlar Polşadaki amerikalı hərbi müfəttişlər tərəfindən Ukraynadaki amerikalı hərbi müfəttişlərin nəzarəti altında Ukrayna MN-nə təhvil verilir.

Ukrayna Müdafiə Nazirliyi amerikalı hərbi müfəttişlərin nəzarəti altında bu silahları briqalar arasında bölüşdürür. Hər briqadanın daxilində briqadaların işini nəzarət edən başqa amerikalı hərbi müfəttişlər var.

Bütün bu proseslər ABŞ-ın Ukraynadaki səfirliyində fəaliyyət göstərən xüsusi qrup tərəfindən idarə olunur(45 nəfər). Hansı formada?

ABŞ-dan Jeşuva misal üçün 100000 mərmi çatdırılıb, hərbi müfəttişlər dərhal mərkəzə hesabat göndərirlər Jeşuvdan silahlar Ukraynaya çatdırılır və Ukrayna Müdafiə Nazirliyinə təhvil verilir. Hərbi müfəttişlər(amma artıq fərqli insanlardır) dərhal hesabat göndərirlər ki, 100000 mərmi Ukrayna MN-nə verildi. Eyni proses silahların briqalar arasında bölüşdürülməsi zamanı gedir.

Başqa sözlərlə hər addım xüsusi nəzarət qrup tərəfindən izlənilir və hər yardım paketindən sonra həmin qrup Pentaqona, Ağ Evə, Senata və Nümayəndələr Palatasına hesabat göndərir.

Daha bir maraqlı məqam var. Eyni qrupda çalışan amerikalı hərbi müfəttişlər ABŞ-da fərqli qurumların əməkdaşlarıdır. Eyni qrup nə deməkdir? Misal üçün Jeşuvdan gələn silahların təhvili zamanı Polşadaki amerikalı hərbi müfəttişlərin Ukrayna MN-nin əməkdaşlarına təhvil-təslim prosesinə nəzarət edən QRUP(amerikalılar) 10 nəfərdən ibarətdir(rəqəm şərtidir). Bu 10 nəfər ABŞ-ın fərqli qurumlarını təmsil edirlər(Pentaqon və başqa qurumlar). Təbii ki, şəffaflığı və öz daxilində nəzarətin təmini üçün.

İndi düşünün belə mürəkkəb nəzarət prosesin təşkili təqdirdə silahların oğurlanması nə dərəcədə mümkündür? Başqa sözlərlə, Rusiya xüsusi xidmət orqanları tərəfindən təbliğ olunan bu tezis boş sözlərdən başqa bir şey deyil.

politoloq Kamran Cəfərov

visiontv.az