ABŞ dövlət katibinin Prezident İlham Əliyevə dünənki zəngindən çıxardığım nəticə - deputat Sahib Alıyev
ABŞ dövlət katibinin Prezident İlham Əliyevə dünənki zəngindən çıxardığım nəticə - deputat Sahib Alıyev
29.04.2021 Sahib Alıyev Tərəfindən

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dünənki zəngindən çıxardığım bir necə nəticə var ki, vaxtınızı çox almamaq üçün onların iki ən mühümünü burada sizinlə bölüşürəm.

Birincisi, bu zəngin Nikol Paşinyanla  telefon danışığıyla(6 mart) paralel yox,  Prezident Baydenin uydurma hay soyqırımını tanımasından sonra edilməsi o deməkdir ki, rəsmi Vaşinqtonu hərəkətə gətirən bununla bağlı Azərbaycanda bütün səviyyələrdə  baş qaldıran haqlı narazılıqdır.  ABŞ Azərbaycanın regiondakı rolunu  düzgün qiymətləndirərək heç də düzgün olmayan hərəkətindən qaynaqlanan  bu narazılığın yumşaldılıması  yönündə addımlar atmağa çalışır. Yəni bu telefon zəngi də mahiyyətcə Baydeinin  buraxdığı “tarixi səhv” öncəsi  cənab Ərdoğana edilənin eynidir.

İkincisi,  telefon danışığı zamanı Blinkenin  “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bu il də müvəqqəti dayandırıldığını vurğulaması o deməkdir ki,  44 günlük savaşın  yaratdığı reallıq ürəyindən olmasa da, ABŞ bununla barışır.  Xarıtladırıq ki,  sözü gedən  üzdəniraq düzəliş 1992-ci ildə “Dağlıq Qarabağın işğalı" və Ermənistana qarşı blokaya görə tətbiq olunmuşdu. Bax, bu faktın özü də  okeanın o tayındakıların beynəlxalq hüquqa  yanaşmada nə qədər sayğısızcasına davrandıqlarının və bizə qarşı necə böyük ədalətsizlik etdiklərinin bir göstəricisidir.  Torpağı işğal edilən bir ölkəni işğalda suçlandırırdılar fikir verirsinizmi?  Nə isə, əgər  ABŞ Prezidenti  Vətən savaşından sonra  “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi müvəqqəti dayandırırsa, bu deməkdir ki, o, indiki Azərbaycan dövlətiylə 1992-ci ildəkinin arasındakı fərqi yaxşı dərk edir və ona görə də qərbdəki bəzi çevrələrin növbəti “işğal” haray-həşirlərinə sadəcə çərənləmə kimi yanaşmağı üstün tutur, vəssalam.

Visiontv.az