ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik edib
28.05.2020

“Amerika Birləşmiş Ştatlarının hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm”, - ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.

Visiontv.az turan.az-a istinadən xəbər verir ki, “Amerika Birləşmiş Ştatları və Azərbaycan 30 ilə yaxındır ki, mühüm tərəfdaşlıq əlaqələrindən bəhrələnməyə davam edir. Biz təhlükəsizlik, energetika, iqtisadi inkişaf ilə yanaşı insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib sahələrdə birgə çalışırıq. Əfqanıstanda sülhün qurulması naminə çiyin- çiyinə fəaliyyət göstərən, habelə “Cənub” qaz dəhlizi vasitəsilə Avropada enerji təhlükəsizliyini gücləndirmək üçün birgə çalışan dövlətlərimiz ən vacib qlobal məsələlər üzərində əməkdaşlığı davam etdirirlər.

ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadıq qalır.
Bu il COVİD-19 pandemiyası səbəbindən dünya unikal çağırışlarla üzləşib. Amma mən əminəm ki, Azərbaycan xalqı bu çətinliklərin üzərindən cəsarət və qətiyyətlə gələcək. Azərbaycan xalqı ilə birgə olan Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir”, - təbrikdə deyilir.