ABŞ Dövlət Departamenti Minsk Qrupu ilə bağlı ikinci bəyanat verdi: Azərbaycan Vaşinqtona təzyiq göstərir?
ABŞ Dövlət Departamenti Minsk Qrupu ilə bağlı ikinci bəyanat verdi: Azərbaycan Vaşinqtona təzyiq göstərir?
27.07.2022 Elbəyi Həsənli Tərəfindən

Dünən ABŞ-ın ATƏT-ın Minsk Qrupuna münasibəyi ilə bağlı iki ststus yazdım. Niyə? Çünki bu məsələ Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Söhbət ondan gedirdi ki, ABŞ Dövlət katibi Entoni Blinken Nikol Paşinyan və İlham Əliyevlə telefon danışığı aparıb. İlham Əliyevlə danışıq zamanı cənab Blinken xatırladıb ki, ABŞ 1994-cü ildən ATƏT-ın Minsk Qrupunun həmsədrlərindən biridir.

Mən əminəm ki, bu xatırlatma ilə ABŞ ona işarə edib ki, rəsmi Vaşinqton Ermənistanla-Azərbaycan arasında sülh danışıqlarının ATƏT-ın Minsk Qrupunda aparılmasına üstünlük verir. Bu nə deməkdir? ATƏT-ın Minsk Qrupunda danışq o deməkdir ki, Azərbaycan Dağlıq Qarabağa ən aşağı statusda da olsa, muxtariyyət verməyə məhkumdur...

Azərbaycanın yandaş mediası isə and-aman edirdi ki, belə bir şey yoxdur. ABŞ elə bir şey deməyib. Ümumiyyətlə, cənab Blinken danışıq zamanı heç Dağlıq Qarabağın adını da çəkməyib. Bəli, çəkməyib. Ancaq ATƏT-ın Minsk Qrupunun adını çəkib. Bu isə elə Dağlıq Qarabağ deməkdir. Çünki bu qrup Dağlıq Qarabağ münaqişəsini nizama salmaq üçün yaradılıb...

Dünən onu da qeyd etmişdim ki, ABŞ ATƏT-ın Minsk Qrupundakı həmsədrini cəmi bir ay bundan qabaq dəyişib, yəni yenisini təyin edib. Əlbəttə, bu, təsadüfi ola bilməz. İlham Əliyevin təbirincə desək, ATƏT-ın “gorbagor” olmuş Minsk Qrupuna dünyanın süper ölkəsi nədən təp-təzə həmsədir təyin etsin. O da dərhal Brüsselə gedərək ATƏT-ın Minsk Qrupunda Fransanı təmsil edən digər həmsədrlə görüşsün.

Söhbət ondan gedir ki, Azərbaycan 44 günlük müharibə zamanı hərb meydanında əldə etdiyi qələbəni ermənilər diplomatiya müstəvisində heçə endirə bilər. Bütün narahatçılıq bundan doğur...

O da maraqlıdır ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price bu məsələ ilə bağlı yenidən bəyanat verib. Deyib ki, ABŞ Ermənistan-Azərbaycan danışqlarının istənilən formatda keçirilməsinə dəstək verməyə hazırdır. Yəni ABŞ danışqların ATƏT-ın Minsk Qrupunda keçirilməsinə də dətək verir, ancaq başqa formata da etiraz etmir...

O da aydındır ki, ABŞ Dövlət Departamentinin bu məsələ ilə bağlı ard-arda iki bəyanat verməsi məsələnin nə qədər ciddi olmasından xəbər verir. Mən əminəm ki, ikinci bəyanatın ortaya çıxmasında rəsmi Bakının ABŞ-a təzyiqləri əsəs rol oynayıb. Mən bunu alqışlayıram. Bu insident bir daha onu təsdiq edir ki, İlham Əliyev Dağlıq Qarabağa heç bir halda muxtariyyət vermək fikrində deyil. Əminəm ki, ABŞ-ın bu məsələdə geri çəkilməsi, Fransanın da daşı ətəyindən tökməsinə impuls verəcək...

Elbəyi Həsənli

Visiontv.az