ABŞ-da seçkilər ərəfəsində dünyada gündəmdə olan əsas sual Baydenin namizəd olub olmayacağıdır. Təəssüf ki, müzakirə predmeti, 3 il yarım ərzində Baydenin gördüyü işlər deyil, onun sağlamlığıdır, amma yenə də...
Fərqli fikirlər, sərt tənqidlər, alternativ namizədlərin irəli sürülməsi təklifləri və s. eşidirik.
Bu fikirlər kalamburu içində insanlar çaşqınlıq yaşayırlar. Sizə kömək etməyə çalışacağam, ABŞ siyasətində seçkilərdə öz dəqiq proqnozlarına görə orakul hesab olunan, "Ağ Evə 13 açar" kitabının müəllifi və 40 il ərzində dəqiq proqnozlarla fərqlənən Allan Lixtmanın fikirlərilə sizinlə bölüşürəm.
Allan Lixtman:
-Mən hesab edirəm ki, Bayden seçki kampaniyasını davam etdirəcək. O, Franklin Ruzvelt kimi, uğursuz debatdan sonra seçki kampaniyasını kəskin fəallaşdırmaq istəyəcək. Ya da, bütün ekspert rəylərinin əksinə olaraq, vəziyyəti dəyişən Barak Obama kimi.
- Bəli, Baydenin çıxışı çox zəif idi. Amma onun partiyası onu müdafiə etməlidir. Partiyanın müdafiə xəttinin fundamental tezisi o olmalıdır ki, 90 dəqiqə ərzində yaşanan fiasko, 3.5 ildə görülən işlərin üstündən xətt çəkə bilməz.
- Teledebatların seçkilərin nəticəsini proqnozlaşdırmaq üçün heç bir önəmi yoxdur. Hillari Klinton 2016-cı ildə bütün teledebatlarda qalib gəlib, lakin seçkilərdə məğlub olub. Con Kerri Corc Buşu geridə qoysa da, seçkilərdə məğlub oldu. Mən sizi böyük mənzərəni gözdən qaçırmamağa dəvət edirəm. Nəticəyə ən böyük təsir seçki kampaniyası deyil, hakimiyyət balansıdır.
Sual:
Baydeni əvəz etməyin nəyi pisdir ki? Ən azı, bu, demokratlar üçün yaxşı olardı ki, kampaniyaya müəyyən təkan verəcək idi.
Lixtman:
Bunu kim deyirsə, prezident seçkilərinin necə keçdiyindən xəbəri yoxdur. Baydeni qovub onu əvəz etməyə cəhd etsəniz, birdən-birə böyük üstünlüyü itirirsiniz: seçkilərin 70%-də birinci müddətə seçilən prezident ikinci müddətə seçilir. Bundan əlavə prezidentin hər zaman daha böyük seçki qərargahı olur və təbii ki, maliyyə faktoru. Alternativin axtarışı yaxşı fikir deyil. Baydenin əvəzedilməsi demokratlar üçün zəifliyin göstəricisi olar idi və Trampa çox böyük üstünlük verər idi. Buna qəti şəkildə yol vermək olmaz.
Kamran Cəfərov
visiontv.az