5G sürətli internet olmasa, bu sistemi tətbiq etmək mümkün olmayacaq - Elvin Abbasov
5G sürətli internet olmasa, bu sistemi tətbiq etmək mümkün olmayacaq - Elvin Abbasov
07.10.2021 Elvin ABBASOV Tərəfindən

Təxminən 10 ildir ki, dünyada sürücüsüz nəqliyyat vasitələri ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Hətta taksi kimi istifadə edilməsi nəzərdə tutulan pilotsuz təyyarələrin testləri aparılıb. Bəs onlar kütləvi istifadə üçün uyğundurmu və Azərbaycanda da tətbiqi mümkündürmü? "Report" bununla bağlı İKT üzrə müstəqil ekspert Elvin Abbasovun fikirlərini öyrənir.

Ekspert deyir ki, hazırda bir çox şirkətlər bu sahədə müəyyən təcrübə toplayıb. Süni intellektlə çalışan sürücüsüz nəqliyyat vasitələrinin istifadəsi yüksəksürətli internet tələb edir: "Biz texnologiya mübadiləsi edib, həmin nəqliyyat vasitələrini Azərbaycanda da tətbiq edə bilərik. Amma bunun üçün internetin sürəti yüksək olmalıdır. Bu gün “Tesla” da daxil olmaqla bütün şirkətlər xidmətlərini 5G şəbəkəsi üzərində qurur. Amma əvvəllər 4G, hətta 3G ilə belə bir xidmətin göstərilməsi təcrübəsi ilə rastlaşmışıq.

Hesab edirəm ki, 5G sürətli internet olmasa, bu sistemi tətbiq etmək mümkün olmayacaq. Digər məsələ sensorlarla bağlıdır. Hansı ki, həmin sensorların internetə çıxışı var. Adətən belə qurğular dönmə olan yerlərdə, piyada keçidlərində, qrup insanların toplaşdığı məntəqələrdə və başqa bu kimi ərazilərdə qurulur.

Burada həm də koordinasiya da çox əhəmiyyətlidir. Bizdə koordinasiya “AzPOS” (Azerbaijan Positioning Observation System) üzərində qurulub. Yəni pilotsuz nəqliyyat vasitələrinin istifadəsi üçün 3 əsas amil şərtdir – sürətli internet, sensorlar və koordinasiya”.

Ekspert hesab edir ki, Azərbaycanda həm pilotsuz, həm də sürücüsü olan nəqliyyat vasitələrindən eyni yollarda istifadə etmək problemlərə gətirib çıxara bilər: “Bundan əlavə, əgər həm pilotsuz, həm də pilotlu nəqliyyat vasitələrinin eyni anda fəaliyyət göstərməsini istəyiriksə, bu zaman düzgün qaydalar tətbiq olunmalıdır. Bildiyiniz kimi, Azərbaycanda sürücülərin avtomobil idarə etməsi bir qədər qeyri-səlis məntiqlə həyata keçirilir. Misal üçün, tez-tez rastlaşırıq ki, sürücülər sağa yaxud sola dönərkən qəza-dönmə işıqlarından istifadə etmirlər, yaxud hansısa yol hərəkət qaydalarını kobud şəkildə pozurlar. Bu səbəbdən də ərazidə həm pilotlu, həm də pilotsuz nəqliyyat vasitələrinin eyni anda hərəkət edə bilməsi üçün sürücülər qaydalara dəqiq riayət etməlidir.

Çünki pilotsuz nəqliyyat vasitəsi qarşıya qoyulan konkret qayda və tələblərlə hərəkət edir. Misal üçün, əgər bu nəqliyyat vasitəsi sağa, sola yaxud geriyə dönəcəksə qarşıdakı pilotsuz avtomobilin hərəkətinə uyğun davranır. Yəni o, qarşıdakının hərəkətini bilir və ona uyğun əməliyyatı yerinə yetirir. Ona görə də bu gün Azərbaycanda həm sürücüsü olan, həm də sürücüsü olmayan nəqliyyat vasitələrini birgə istifadə etsək, onun çox ağır nəticələri ola bilər”.

Xatırladaq ki, bu il aprelin 26-da Prezident İlham Əliyev işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib. Səfər çərçivəsində rayonun Ağalı kəndində “Ağıllı kənd” pilot layihəsinin təməlini qoyub.

Belə ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Visiontv.az