Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları Laçın rayonunun Şəhidlər xiyabanında dəfn olunub.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, şəhid Camal Quliyevin nəşi dəfndən öncə doğmalarının yaşadığı, Şəki rayon Cuma kəndinə aparılıb.
Bundan sonra cənazə vida mərasimi keçirilmək və dəfn edilmək üçün Laçın rayonuna gətirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Şəhidin nəşi yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.
Qeyd edək ki, Quluyev Camal Möhübbət oğlu 1iyun 1969-cu ildə Laçında doğulub. O, 1992-ci ildə könüllü olaraq ordu sıralarına qatılıb. Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ildə Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb. Qalıqları Xudafərin kənd qəbiristanlığında aşkar edilib.