27 illik işğal Füzuli rayonunun tarixində erməni vəhşiliyinin bir nümuməsi kimi qalacaq
27 illik işğal Füzuli rayonunun tarixində erməni vəhşiliyinin bir nümuməsi kimi qalacaq
17.10.2022 Vüqar Bayramov Tərəfindən

İki il öncə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz Qarabağı, o cümlədən Füzuli rayonunu işğaldan azad etdi. Biz düz 27 il Füzulisiz yaşadıq.

Bu gün... Ümumiyyətlə, təkcə bu gün yox, 44 günlük müharibənin hər günü Azərbaycan xalqının son bir neçə 100 illik tarixində yaşanmamış, görünməmiş, arzusunda olduğumuz, xəyalını qurduğumuz çox şərəfli və qürurlu günlərdir. Biz xoşbəxt nəsilik ki, bu günlərin şahidi, iştirakçısı olduq, xəyalın gercəyə çevrildiyini, bir xalq kimi qürurumuzun bərpa olunduğu günləri gördük.

27 il həsrətlə baxdığımız, nisgillə xatırladığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunan bütün digər ərazilərimiz kimi Füzuli rayonu da Azərbaycan Prezidentinin rəhbərliyi altında yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Füzuli Hava Limanı çox qısa zamanda beynəlxalq standartlara uyğun qurulan çox uğurlu bir layihədir.

İşğal müddətində Ermənistan ordusu digər yaşayış məskənlərimiz kimi Füzuli şəhərini və onun kəndlərini dağıdıb xarabalıqlara çevirmişdi. Nə mənim uşaqlıq illərimi keçirdiyim evdən, nə də oxuduğum məktəbdən əsər-əlamət qalmayıb. 27 illik işğal Füzuli rayonunun tarixində erməni vəhşiliyinin bir nümuməsi kimi qalacaq.

Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək.

Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək.

Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzulidə ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Füzuli şəhəri yalnız çoxmərtəbəli binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.

Kifayət qədər böyük iqtisadi potensialı olan Füzuli rayonun Qarabağ iqtisadiyyatının formalaşmasına və re-inteqrasiyasına xüsusi töhvə verəcək. Füzuli rayonu yalnız arqar və xidmətlər deyil, eləcə də sənaye, nəqliyyat və logistika və eləcə də turizm sahəsində xüsusi üstünlüklərə malikdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ tezliklə cənnətə çevriləcək. Füzulilərin isə öz ata-baba yurdlarına yenidən və bu dəfə daimi qayıdacaqları gün də uzaqda deyil. Növbəti ilin payız aylarında Füzuli şəhərində ilk məskunlaşmanın olacağı gözlənilir. Biz Füzuliyə, Qarabağa yenidən qayıdırıq.

Allahdan şəhidlərimizə rəhmət və Qazilərimizə şəfa diləyirik.

Millət vəkili Vüqar Bayramov

visiontv.az