25 mart təqvimində nələr var?
25 mart təqvimində nələr var?
25.03.2023 MEDİA Tərəfindən

Tarixin səhifələrini vərəqləməkdə və tarixi yada salmaqda davam edirik:

Eramızın 421-ci ilinin bu günü Venesiya şəhərinin əsası qoyulub. Hər il martın 25-də şəhər sakinləri bu hadisəni təntənə ilə qeyd edirlər. Əsatirə görə, həmin gün sular geri çəkilib və misli görünməmiş gözəllikdə şəhər peyda olub. Həqiqətə uyğun digər rəvayətə görə isə martın 25-də ətraf sakinlərin sakinləri əcnəbi işğalçılardan xilas olmaq ümidilə bu yerlərdə gizləniblər və sağ qalıblar.

1944-cü ilin 25 mart tarixində azərbaycanlı Əli Babayevin başçılığı ilə İtaliya partizanları Udine şəhərindəki faşist həbsxanasına hücum edərək xeyli əsiri, o cümlədən 147 sovet vətəndaşını azadlığa buraxıblar. Əli Babayevə bu qəhrəmanlığına görə İtaliyanın ən yüksək mükafatı olan “Döyüş şöhrəti” ordeni verilib. 

1951-ci ilin 25 martında İstanbulda Neve Şalom Sinaqoqu açıldı.

25 mart 1957-ci ildə İtaliyanın paytaxtında bir araya gələn Fransa, Almaniya, İtaliya, Belçika, Niderland və Lüksemburq Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyinin yaradılması haqqında Roma Müqaviləsini imzaladı.

1975-ci ilin 25 martında Səudiyyə Ərəbistanının kralı Faysal əqli qüsuru olan qardaşı oğlu şahzadə Faysal bin Musad tərəfindən Riyadda öldürülüb.

1986-ci ilin 25 martında XIV Strasburq Film Festivalında Müəmmər Muxtarın "Bir ovuc cənnət" (Bir Avuç Cennet) və Əli Özgentürkün "Gözətçi" (Bekçi) adlı filmləri ikinci yeri qazanıblar.

1992-ci ilin bu günü “Azərbaycan milli qəhrəmanı” adı rəsmiləşdirilib və ilk dəfə 1992-ci ilin iyununda 23 nəfər həmin fəxri ada layiq görülüb.

Bu fəxri ad Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə görə verilir. 

Martın 25-i Beynəlxalq İdman Kinosu Günüdür.

Beynəlxalq İdman Kinosu Günü məşhur gürcü rejissoru Aleksandr Jqentinin təşəbbüsü, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq İdman Kinosu və Televiziyası Federasiyasının qərarı ilə 2002-ci ildən qeyd olunur. 

25 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1907-ci ilin bu günü Bakıda tanınmış Azərbaycan şairi Almas İldırım dünyaya gəlib.

Sovet dövründə milli-vətənpərvərlik ruhunda şeirlər yazdığına görə Dağıstana, oradan da Türkmənistana sürgün edilib.

Təqiblərdən yaxa qurtarmaq üçün mühacirətə gedən Almas İldırım Türkiyədə yaşayıb və 45 yaşında (1952) orada həyatdan köçüb.  

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra şairin həyat və yaradıcılıq yolu barədə kitablar yazılıb, əsərləri dəfələrlə nəşr olunub. (1907-1952)

Türkiyədə Böyük Birlik Partiyasının qurucusu və ilk sədri Muhsin Yazıcıoğlu 25 mart 2009-ci ildə partiyasının icarəyə götürdüyü vertolyotun qəzaya uğraması nəticəsində həyatını itirib. 

Visiontv.az