22 iyun Xəlil Rza Ulutürkün anım günüdür
22 iyun Xəlil Rza Ulutürkün anım günüdür
22.06.2022 Qənirə Paşayeva Tərəfindən

Xəlil Rza alovlu vətənpərvər, mətin türkçü, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru olub; ancaq o bunların hamısından daha öncə və daha yuxarı dərəcədə ŞAİR olub! Və bütün hallarda əsl vətəndaş, əsl ziyalı və Ulutürk olub!

1986-cı ildə Əməkdar incəsənət xadimi, 1991-ci ildə M.F.Axundov adına ədəbi mükafat laureatı, 1992-ci ildə Xalq şairi və haqqın rəhmətinə qovuşduqdan sonra “İstiqlal” ordeni ilə təltif olunmuş (15.04.1995) Xəlil Rza Ulutürk, xalqın bağrından qopub, xalqa, türk dünyasına, ədəbiyyata, sənətə və insanlığa xidmət etmiş parlaq şəxsiyyət idi.

Xəlil Rza Ulutürk (21.10.1932, Pirəbbə, Salyan – 22.06.1994, Bakı) – Salyandakı 2 saylı şəhər orta məktəbində təhsil alıb; Salyan şəhər kitabxanasının Ədəbiyyat dərnəyinin üzvü olub. 1948-ci ildə “Abşeron” adlı ilk şeirini yazıb. 1949-1954-cü illərdə ADU-nun Filologiya fakültəsinin Jurnalistlika şöbəsində təhsil alıb. Ali təhsilini bitirdikdən sonra, əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. O, burada ədəbi işçi vəzifəsində çaışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Onun ilk şerlər toplusu – “Bahar gəlir” adı ilə nəşr olunub (1957).

1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar Birliyi Xəlil Rzanı Moskvaya – M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərib. O, Moskvada rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin başçılıq etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə xeyli yaxından tanış ola bilib.

1959-cu ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində, aspiranturasında təhsilini davam etdirən Xəlil Rza, 1963-cü ildə, müharibədən sonrakı (1945-1950) Azərbaycan ədəbiyyatında poema janrına həsr olunmuş dissertasiyasını uğurla müdafiə edərək, fılologiya üzrə elmi ad alıb.

Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən, dərs proqramı çərçivəsi ilə məhdudlaşmayan Xəlil Rzanın, yanarürəkli, vətənkeş ruhlu mühazirələrində milli dəyərlərimizdən qəlb yanğısı ilə söhbət açması dillər əzbəridir.

Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəxas mübarizə aparıb. Təəssüf ki, Xəlil Rzanın yanarürəkli, vətəncanlı çalışmaları bəzi qaraniyyətli dairələrin diqqətindən yayınımr və çox keçmədən, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. – “Bilik” Maarifçilik Cəmiyyəti xətti ilə rayonlara göndərilməsi qadağan olunur, dərs keçdiyi Pedaqoji Universitetdən uzaqlaşdırılır. – Xalq şairi Sabir Rüstəmxanlı bu barədə belə yazır: “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdi”.

Sonra onu Azərbaycan Milli Elmlər Akademiyasının NİZAMİ adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Xəlil Rza burada bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir; Azərbaycan-Özbək ədəbi əlaqələri, Məqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır.

Sonra, Xəlil Rza yenə də “şübhəli şəxs” kimi təqib olunur, onun imkanları məhdudlaşdırılır –“təhlükəli ictimai mübarizə yolu”ndan çəkindirməyə çalışırlar…

1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və tərcümə etdiyi şeirlərdən ibarət “Qardaşlıq çələngi” ictimaiyyət tərəfindən Azərbaycanın Dövlət mükafatına təqdim olunsa da, haqq etmədiyi etinasızlıqla qarşılanır. Bu haqsız münasibət polad iradəli şairi sarsıda bilmir. O, bir şairin ən böyük vəzifəsini yazıb-yaratmaqda görərək, yorulmadan çalışır, yeni şerləri, elmi araşdırmaları təsəlli qaynağı olur. 1985-ci ildə “Məqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir.

1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona Əməkdar incəsənət xadimi fəxri adı verilir.

Xəlil Rzanın çağdaş Azərbaycan milli azadlıq hərəkatının səsi, sözü, alovu idi:

“İşlər böylə getsə… Böylə getməsin!

Getsə, bu gedişi boğacağam mən;

Bütün Azərbaycan övladlarını,

Öz kişi bətnimdən doğacağam mən”…

XX yüzilin səksəninci illərinin axırlarında – azadlıq hərəkatı genişləndiyi vaxt, Xəlil Rzanın gur səsi Azərbaycanın bütün bölgələrində eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu; hər yerdə totalitarizmi, mərkəzin şovinizm siyasətini, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.

Son günlərini yaşayan SSRİ imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycan paytaxtında dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım aktı Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıqfikirli adamları bu qətliamı lənətlə qarşıladı. Sovet ordusunun xüsusi tapşırıqla Bakını gülləbaran etməsi Xəlil Rzanı möhkəm qəzəbləndirmişdi. O, bütün qüvvəsi ilə - gecə-gündüz demədən, xalqı haqsızlığa qarşı mübarizəyə səsləyirdi; xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrlə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırırdı. Və təbii ki, şair ürəyinin döyüntüləri kazğılara da tökülür, mübariz şeirimizin yeni inciləri yaranırdı...

1990-cı il, yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilərək, Moskvaya – Lefortovo həbsxanasına göndərildi. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmədi, o, zindanda da mübarizəsini davam etdirdi. 8 ay 13 gün öz mühitindən təcrid olunan şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə aldı. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidələrdir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.

“Sevən gözlər”, “Qollarını geniş aç”, “Ucalıq”, “Doğmalıq”, “Məqsud Şeyxzadə”, “Məqsud Şeyxzadənin bədii yaradıcılığı”, “Taparam səni”, “Ömürdən uzun gecələr”, “Hara gedir bu dünya”, “Daşdan çıxan bulaq”, “Məndən başlanır vətən”, “Davam edir 37…”, “Ayla Günəş arasında”, “Qəhrəman Təbrizim”, “Uzun sürən gənclik”, “Turan çələngi”, “Mən Şərqəm”, “Bağışla, ey vətən”, “Ömür kitabını yazan şairə”, “Lefortovo zindanında” və başqa əsərləri – adlarından da gğründüyü kimi – Xalq şairinin özünəxas sənət kredosundan və öz kredosuna sadiqliyindən xəbər verir.

Xəlil Rza 1990-cı il yanvarın 29-dək öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsləri ilə çap etdirib. “Xəlil Rza Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfalı Firəngiz xanım Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini səhmana salıb, sanballı kitablar şəklində nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “gün üzü görməyən, küll halında qalmış əsərləri”ni nəşr etdirməklə “onunla nəfəs alır”.

Övladları Təbrizin şəhid olduğunu eşidən Xəlil Rzanın Firəngiz xanıma “Gözün aydın, oğlumuz şəhid olub!” deməsi dillər əzbəridir və Ulutürk ailəsinin malik olduğu mənəvi-psixoloji keyfiyyətləri göstərməkdədir.

Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olunub, məzarı üstündə anlamlı abidəsi qoyulub.

Bakıda, Salyanda, digər şəhər və rayonlarımızda bir neçə küçə Xalq şairinin və onun Milli Qəhrəman övladının adını daşıyır.

Xalq şairimizin, onun Milli Qəhrəman övladının ruhu şad olsun!

Ulutürk ailəsinə salam-sayğılar!

Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

visiontv.az