160-a yaxın erməni əsgəri İran İslam Respublikasının ərazisində girovluqdadır!
22.05.2021

Ermənistanın oxunan qəzeti olan "Hraparak" yazır ki, təxminən 160-a yaxın erməni əsgəri İran ərazisində qalıb. Qəzet etibarlı mənbələrə istinadən yazır ki, II Qarabağ Savaşı vaxtı 160 erməni hərbçisi canlarını xilas etmək üçün məcbur İran ərazisinə keçiblər və işin ən maraqlı tərəfi odur ki, 6 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də qonşu ölkədədirlər, Ermənistana təhvil verilməyib. Məlum deyil ki, İran tərəfi hansı səbəblə bu günə qədər o qədər əsgəri tutub saxlayıb və geri vermir. Qeyd olunur ki, ola bilsin, İran hərbçilərinin bir neçə gün əvvəl Ermənistana səfəri zamanı erməni əsgərləri ilə bağlı situasiya da müzakirə mövzusu olub. Hətta ehtimal olunur ki, erməni hərbçilərini geri təhvil verməyin müqabilində iranlılar Ermənistan dövlətinə hansısa şərtlər də irəli sürüblər. Qəzet məsələ barədə Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərib ki, açıqlama alsın, ancaq nazirlik sözügedən məsələyə şərh verməyi məqsədəuyğun hesab etməyib. Qeyd edək ki, çoxsaylı erməni hərbçilərinin İrana keçmələri barədə məlumatlar hələ 44 günlük müharibənin gedişində və ondan sonrakı vaxtlarda da fərqli kanallarda yayılırdı. Şübhə yox ki, bir sıra itkin düşdüyü ehtimal olunan əsgərlərin valideynləri İranın Ermənistandakı səfirliyinə bununla bağlı müraciət ediblər və onlara bildirilib ki, səfirlik erməni hərbçilərinin onların ərazisində mövcudluğu barədə hər hansı informasiyaya malik deyil. P.S. Hər zaman öz ordularının məğlubedilməzliyi və dünyaya səs salan mifik qəhrəmanlıq tarixi haqqında qlobal miqyasda piar aparan, bununla öyünən ermənilər şahidi oldular ki, Azərbaycan ordusu 44 günlük savaşda onların əsgərlərini necə pərən-pərən saldılar, kütləvi fərariliyə məcbur etdilər və döyüş mövqeyini, döyüş bayrağını, hərbi texnikalarını, silah-sursatı qoyub qaçmalarına səbəb oldular. Sadəcə ay yarım bəs elədi ki, Azərbaycanın şanlı ordusu düşmənin hərbi sistemini darmadağın etsin! Bir sözlə, ermənilər dünyada çox rəzil duruma düşdülər. Haqqında yazdığımız bu olay da həmin biabırçı durumun başqa bir nümunəsidir. Mümkündür ki, Azərbaycan Ordusunun cənub istiqamətində başlatdığı ildırım sürətli hücum əməliyyatı nəticəsində cəbhə yarıldıqdan sonra, çarəsiz qalan erməni əsgərləri hara qaçacaqlarını kəsdirməyib, məcbur qalaraq İran-Azərbaycan sərhədini aşıb, Araz çayını üzərək qarşı tərəfə keçiblər. Son vaxtlar erməni mediasında 200-dən çox hərbçi haqqında məlumatın olmadığı, guya həmin hərbçilərin də Azərbaycan tərəfində əsirlikdə olduğu barədə məlumatlar yayılırdı. Azərbaycan dövləti isə əlində 70-ə yaxın diversantın olduğunu dəfələrlə bildirib. İndi məlum olur ki, sən demə, itkin düşdüyü ehtimal edilən erməni hərbçilərinin çoxu İran İslam Respublikasında girovdurlar. Mirzə Rəşad Bakuvi