1.2 trilyon nominal ÜDM və 153 milyonluq əhalisi ilə Türk dünyası regionda yeni gücə çevrilməkdədir
1.2 trilyon nominal ÜDM və 153 milyonluq əhalisi ilə Türk dünyası regionda yeni gücə çevrilməkdədir
04.08.2022 Vüqar Bayramov Tərəfindən

1.2 trilyon nominal ÜDM və 153 milyonluq əhalisi ilə Türk dünyası regionda yeni gücə çevrilməkdədir. Bu baxımdan, kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada qardaş dövlətlər arasında daha ünvanlı və sistemli əməkdaşlıq reallaşır. Bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq.

Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türk dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi ötən ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistanla oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək.

Artıq dövlətlər daha dərin və liberal ticari əlaqələrə malik olmaq və birgə layihələrin reallaşdırılması ilə bağlı real əməkdaşlıq nümayiş etdirirlər. Bu isə qardaş dövlətlərin daha da yaxınlaşmasına şərait yaradır.

Nəhayət, son bəyannamə bir daha təsdiq edir ki, münasibətlər daha ünvanlı və qarşılıqlı fayda əsasında qurulan bir əməkdaşlıq formatıdır. Dünyada formalaşdırılan yeni düzən kontekstində regionun yeni iqtisadi xəritəsi cızılmaqdadır.

Millət vəkili Vüqar Bayramov

visiontv.az