118 əfqanıstanlı Azərbaycandan sığınacaq istəyib
16.10.2021

“COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə giriş-çıxış məhdudiyyətləri tətbiq edildiyindən Əfqanıstan İslam Respublikası vətəndaşlarının qaçqın statusu verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydiyyata alınmamışdır”.

Visiontv.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, DMX-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov bildirib. Qurum rəsmisi son 3 ayda xaricdə yaşayan 118 Əfqanıstan vətəndaşının Azərbaycandan sığınacaq almaq üçün müraciət etdiyini əlavə edib.

“Bununla belə, son 3 ay ərzində Əfqanıstanda baş verən hadisələrlə əlaqədar olaraq Azərbaycanda sığınacaq almaq niyyətində olan və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda olan ümumilikdə 118 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı barədə elektron məlumatlar həm bilavasitə, həm də digər dövlət qurumları vasitəsilə Dövlət Miqrasiya Xidmətinə daxil olmuşdur. Həmin məlumatlara qanunvericiliyin tələblərinə əsasən baxılmışdır”, - deyə qeyd edib.