102 il öncənin həqiqəti: Anarxiya mətbuatı
102 il öncənin həqiqəti: Anarxiya mətbuatı
17.07.2021 Elçin Mirzəbəyli Tərəfindən

Sözümə birbaşa ƏLAHƏZRƏT MƏTLƏBdən başlayıram: Mediaya qarşı əzici və aşağılayıcı tərz əks effekt verəcək. Bu, məsəli xalqımızın vətənsevər, fədakar nümayəndələrindən uzaq, “hamam suyu ilə dost tutmaq istəyənlərə” də aiddir.

...Hərənin ağzından bir avaz gəlir. “Məscidin qapısı” açıq qalıb deyə, Neftçalalı soydaşlarımız demiş, ecahanlıqdı... İndi həvəsə gələn çoxları gözünün yağını şama çevirib qaranlıqları aydınlatmaq üçün gecə-gündüz yorulmadan çalışan illərin peşəkarlarına, hər cümləsi USTAD DƏRSİ olanlara “Çilingağac” oynamağı öyrədir, bəziləri isə onları şəxsi qərəzinin, qəzəbinin, natamamlıq komplekslərinin hədəfinə çevirməkdən belə çəkinmirlər. Çünki bunun üçün ən azından münbit şəraitin olduğu görüntüsü var.

Mənzərənin reallığa nə qədər uyğun olub-olmadığını zaman göstərəcək. Amma gedişatın qoxusu pis gəlir, həzarat. Məndən deməkdir, gerisini özünüz bilərsiniz...

“Alçaldılmışlar və təhqir edilmişlər”

“Qoca yenə də sözə başladı:

- Hə, sizdə nə var-nə yox? “B” yenə tənqid yazır?

- Bəli, yazır, - dedim.

Sonra əlini yelləyərək sözünü tamamladı:

- Eh, Vanya, Vanya! Tənqidin axı nə köməyi!”

Bu dialoq Fyodr Dostayevskinin “Alçaldılmışlar və təhqir edilmişlər” romanındandır. Əsərin adının Azərbaycan dilinə “Alçaldılmış və təhqir edilmiş insanlar” kimi tərcümə edilməsiylə heç cür barışa bilmirəm. Bəsit sovet publisistikasının qoxusu gəlir...

...Əsəri nə üçün xatırladım? Hə, çox güman ki, adına görə. Alçaldılmış və təhqir edilmişlərin qürur hissi olmur. Qürur polad mil kimidir. Sındısa, daha heç zaman bərpa olunmayacaq. Qürursuz adam - müqavimət hissi olmayan adamdır. Cəmiyyət də, onun ayrılmaz bir parçası olan media da belədir. Qüruru ilə birlikdə müqavimət hissi də, özünümüdafiə qabiliyyəti də sınır.
Post-postmodernçilərə premodern dərsi

...İllərdir “jurnalist”, “media”, “mətbuat, sözlərinin önünə “reket” ayamasını calaq etmək olmaz deyib, daş atıb başımı tuturdum. Cinayətkardır, getsin məhkəmə qarşısında cavab versin, onun əməllərinin jurnalistikaya, mediaya nə aidiyyatı var? Təfərrüatına varmayacağam, ola bilsin ki, bu illər ərzində, bütövlükdə jurnalist cameəsinə “reket” gözüylə baxılması, kimlərinsə dəyirmanına “su gəlir” təəssüratını yaradırdı. Amma fərqində deyildilər ki, bu dəyirman o dəyirmandan deyil, yəni yel dəyirmanıdır və öz ömrünü başa vurmuş “dəyərlər”i simvolizə edən “cəngavər”inə - don kixotlarına baxıb qəhqəhə çəkməkdədir.

Bir məqamı da qeyd edim: Azərbaycan mediasının postmodern dövrünü çoxdan adlayan post-postmodernçi təmsilçilərinə arxaik premodern paradiqminin əyri güzgüsündən boylanmağın da, fayda verməyəcəyi qənaətindəyəm. Özlərinə, peşələrinə sayğı duyanlar qələmlərini döş ciblərinə qoyub sakitcə bir kənara çəkiləcək və mizan-tərəzinin necə pozulduğunu müşahidə edəcəklər. Özlərinə hörmət etməyənlər isə... Onlar onsuz da cansız “çəki daşları”dır, hara qoysalar orda da duracaqlar.

Qarşıdan Milli Mətbuat və Jurnalistika günü gəlir. Amma mövcud xaotik söyləntilər çərçivəsindən yanaşanda, arxadan, yəni dünəndən, keçmişdən gəldiyi təəssüratı yaranır. Əslində Milli Mətbuat və Jurnalistika gününün daşıdığı dəyərlər bizdən xeyli irəlidədir.  O qədər irəlidə ki, bu gedişatla hər 5, 10, 20 illik zaman kəsiyindən sonra, ONA doğru qayıtmaq haqqında düşünmək məcburiyyətində qalacağıq. Fikirlərimdə ziddiyyət axtarmayın, lütfən, indi izahını verəcəyəm. Əslində milli mətbuatımızın günü və bu günün ifadə etdiyi dəyərlər bizdən 146 il arxadadır, yaxud geridədir. Sözgəlişi deyirəm, yozmayın. Və biz hər 5, 10 və ya 20 il sonra yenidən o dəyərlərə qayıtmağın vacibliyini düşünürüksə, belə anlaşılır ki, arxamız bizdən qabaqdadır. Yəni öndədir, irəlidədir və sair və ilaxır...

Ən yaxşı yenilik unudulmuş, yaxud unutdurulmuş köhnəlikdir. Azərbaycan mətbuatının tarixini sadəcə iqtibas gətirmək üçün yox, öyrənmək və tətbiq etmək üçün yaxşıca oxumaq lazımdır. Xalq Cümhuriyyəti parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi "Mətbuat haqqında nizamnamə"yə diqqətlə nəzər salınarsa, oradan bizi heyrətə gətirə biləcək nə qədər yeniliyin boy verdiyini görə bilərik. Öncə qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkədə 200-ə yaxın mətbu orqanı - 42 gündəlik, 6 günaşırı, 7 həftədə iki dəfə, 40 həftəlik, 4 iki həftədən bir, 5 aylıq qəzet nəşr olunub. Təxminən 20 qəzetin nüsxələri qalmadığı üçün onlarla bağlı statistik məlumatları dəqiqləşdirmək mümkün olmayıb. Həmin dövrdə işıq üzü görən jurnalların ümumi sayı isə 25-dir...

Qeyd edim ki, Cümhuriyyət parlamentində "Mətbuat haqqında nizamnamə"nin müzakirəsi zamanı layihənin müəlliflərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin bugünümüzlə uzlaşan çıxışı diqqətimi çəkdi. Parlamentin 1919-cu il 25 oktyabr tarixli iclasındakı çıxışında Rəsulzadə bildirir ki, mətbuat azadlığı ilə anarxiya mətbuatı fərqləndirilməlidir.

Sitat: “Mətbuat haqqında Nizamnamə” azad mətbuatla anarxiya mətbuatı arasındakı sərhədləri müəyyənləşdirir.

...Qarayevin “Füqara” qəzeti ona görə bağlandı ki, baş nazir Nəsib bəy Yusibəylinin əyalətlərə işgüzar səfərini “məsul işləri buraxıb Ağdaşa kefə getmək” kimi təqdim etmişdi. Heç şübhəsiz ki, yayın qızmar çağında Ağdaşda heç bir kef ola bilməz. Hələ bu azmış kimi eyni nömrədə idarəçiliyə və qayda-qanuna məhəl qoymamağa açıq çağırış vardır. Heç kim etiraz edə bilməz ki, belə mətbuat cilovlanmalıdır”.

Haşiyə: Cümhuriyyət parlamentində “Mətbuat haqqında Nizamnamə”nin müzakirəsi zamanı ayrıa-ayrı fraksiyaların təmsilçilərinin çıxışları ilə təkrar tanış olanda hər dəfə olduğu kimi heyrətləndin. Parlamentin üzvləri (deputatlar) yalnız və yalnız mətbuat azadlığına, jurnalistlərin peşə fəaliyyətinə maneə yarada biləcək ehtimallardan danışır, Nizamnamə layihəsinin az qala hər bir müddəasını dəfələrlə fikir süzgəcindən keçirirlər...

Müasir Azərbaycan parlamentinin deputatı isə həssas bir dönəmdə əsassız və bəsit bir qisasçılıq zəminində jurnalistlərlə şəhid ailələrini qarşı-qarşıya qoymağa çalışır, müasir dövrdə dövlət sərhədlərimiz qədər mühüm əhəmiyyət kəsb edən informasiya məkanımız üçün saysız-hesabsız təhdidlərin olduğunun fərqinə varmadan yenicə formalaşmaqda olan etimad mühitini zədələməyə cəhd göstərir...

Bu baxımdan, Azərbaycan mətbuatı adını çəkmək belə istəmədiyim deputatdan 146, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvləri isə ən azı 102 il öndədirlər.

Sözardı

Göründüyü kimi, 102 il öncə Azərbaycan parlamentində səsləndirilən fikirlər günümüzün reallıqlarını da əks etdirir. Zənnimcə, “anarxiya mətbuatı” “reket mətbuat” ifadəsindən daha dəqiq və daha səlisdir...

Məhz bu səbəbdən, klassik mətbuat (media) ənənələrinin sözün əsl mənasında bərpa edilməsinin ən böyük islahat olduğu qənaətindəyəm. Azərbaycan mediası yaxın 20-30 il ərzində tam biznes subyektinə çevrilə bilməyəcək və çevrilməsi də təhlükəlidir.

Çevriləcəksə, yerdə yalnız və yalnız heç bir ölçü, sərhəd, dəyər, ictimai maraq tanımayan “anarxiya mətbuatı” qalacaq!

Elçin Mirzəbəyli

Visiontv.az