10 bəndlik yol xəritəsi Prezidenti İlham Əliyevin irəli sürdüyü tezislər əsasında tərtib edilib-Şura sədri, deputat Azay Quliyev
27.06.2020

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirildi.

Dünyanın iqtisadi və sosial gündəmini dəyişən COVID-19 pandemiyası ölkə əhalisinin həyatına da ciddi təsir etdi. Pandemiyaya qarşı mübarizə çərçivəsində tətbiq olunan ciddi karantin rejimi ilə əlaqədar insanların emosional durumu, psixoloji vəziyyətindən tutmuş dövlət qurumlarının iş rejiminə qədər bütün sferalarda böyük problemlər müşahidə olunur. Bu proses ölkənin vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının fəaliyyətindən də yan keçməyib. Ölkə QHT-ləri ötən aylar ərzində koronavirusla mübarizə məqsədilə elan olunan karantin rejiminin imkanları çərçivəsində vətəndaşların maarifləndirilməsi, onlara sosial dəstəyin göstərilməsi, anti-Azərbaycan dairələrə qarşı informasiya savaşının aparılması, həmçinin digər sahələr üzrə fəaliyyət göstəriblər. Şuranın 2020-ci il qrant müsabiqəsi çərçivəsində 26 dövlət və digər qurumlarla birgə 429 QHT layihəsi maliyyələşdirilib.

Onlardan 363 təşkilatla SƏLİS müqavilə imzalanıb. 40 təşkilatın reyestrinin vaxtı bitdiyinə və bank hesabında problem olduğuna görə müqavilə bağlanmayıb. 24 təşkilatın sənədləri düzəliş mərhələsindədir. 290 təşkilatın layihəsi COVID-19 pandemiyası ilə mübarizə məqsədi ilə müvafiq istiqamət üzrə dəyişdirilib. 161 QHT layihəsi birdəfəlik yardımlar (tibbi və ərzaq yardımı) edəcək. 129 təşkilatın layihəsində isə müxtəlif növ digər yardımlar nəzərdə tutulur. Saytın hazırlanması, kitab çapı, onlayn təlim və konfranslar, psixoloji və hüquqi yardımlar və sorğuların keçirilməsi planlaşdırılır. Bununla yanaşı TV verilişlər, əhaliyə kənd təsərrüfatında istifadə etmək üçün dərmanlar, toxum və gübrə, ağaç tingləri, arı yeşiklərinin verilməsi və s. müxtəlif növ yardımların göstərilməsi də nəzərdə tutulur.


 Amma bu fəailiyyət imkanları Koronovirus Pandemiyasının daha geniş vüsat aldığı mövcud şəraitdə yetərli sayılmamalıdır. Bu fikir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıını “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda bu gün keçirilən onlayn konfransda şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirdi.

365 QHT sədirlərinin, o cümlədən Şura üzvləri, tərəfdaş dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şura sədri Azay Quliyev çıxış edərək sərt karantin dövründə görüləcək işlər barədə 10 bəndlik yol xəritəsini təqdim etdi. Və Şura tərəfindən layihə götürən QHT nümayəndələri qarşısında konkret tələblər qoydu. Şura sədri bildirdi ki, 10 bəndlik yol xəritəsi Respublika Prezidenti İlham Əliyevin çıxışları zamanı pandemiya ilə mübarizə çərçivəsində irəli sürdüyü tezislər əsasında tərtib edilib və bir başa əhalinin sağlamlığının təmin olunması üçün aparılacaq tədbirlər planının tərkib hissəsidir.

1. QHT-lər tərəfindən təcili yardımların vətəndaşların çağırışına cavab vermə vəziyyətinin monitorinqi aparılmalı, müvafiq təchizatı və texniki imkanı olan QHT-lər “qaynar xətt” yaradaraq bu sahədə problemlər olduğu halda Operativ Qərargaha (OQ) məlumat verməlidir;

2. QHT-lər tərəfindən COVİD 19 testinin əlçatanlığının monitorinqi təşkil edilməli və müvafiq laboratoriyaların ünvanı və telefon nömrələri vətəndaşlara bildirilməlidir;

3. QHT-lər tərəfindən pandemiya, onun fəsadları, xəstələrin müalicəsi zamanı istifadə olunan dərmanlar haqqında mətbuatda yayılan dezinformasiyaların və ya əsassız məlumatların monitorinqi aparılmalı və belə halların qarşısının alınması üçün mütəxəssis rəyinin ictimaiyyətə təqdim olunması və zəruri hallarda Operativ Qərargahın məlumatlandırılması təşkil edilməlidir;

4. QHT-lər tərəfindən polis və həkimlərə ictimai dəstəyin gücləndirilməsi təmin edilməlidir;

5. QHT-lər tərəfindən ciddi karantin rejiminin tələblərinə, xüsusilə qoruyucu tibbi maskalardan istifadə, sosial məsafəyə və gigiyenik qaydalara əhalinin riayət etməsinə ictimai nəzarət gücləndirilməli və bu istiqamətdə yardım və maarifləndirmə tədbirləri artırılmalıdır;

6. QHT-lər tərəfindən karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlara, o cümlədən hüquqi şəxslərə qarşı ictimai qınağın tətbiqi yolları və metodları müəyyən edilməli və həyata keçirilməlidir;

7. QHT-lər tərəfindən risk qrupuna daxil olan əhali və ərazi ilə bağlı fəaliyyət daha da genişləndirilməli və bu istiqamətdə OQ-la müvafiq əməkdaşlıq qurulmalıdır;

8. QHT-lər tərəfindən dəstəyə ehtiyacı olan əhali qrupunu müəyyən etmək və onlara yardım göstərmək məqsədilə sosioloji sorğular keçirilməli, bu sorğularda vətəndaşların sosial yardımlara, tibbi xidmətlərə, distant təhsilə və məşğulluğa əlçatanlığının vəziyyəti və keyfiyyəti öyrənilməli və bu sahədə mövcud problemlər haqqında hesabat hazırlanıb hökumətə təqdim edilməlidir;

9. QHT-lər tərəfindən mətbuatla əlaqələr günün tələblərinə uyğun təşkil edilməli və görülən işlər haqqında ictimaiyyət davamlı olaraq məlumatlandırılmalı, pandemiya ilə mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilməlidır;

10. QHT-lər tərəfindən vətəndaşlara pulsuz hüquqi yardımların sayı və keyfiyyəti artırılmalı, vətəndaşların qanuni maraq və mənafelərinin qorunmasına köməklik gücləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıını sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxışının sonunda müzakirədə iştirak edən  QHT nümayəndələrinə bildirdi ki, indiyə qədər gördüyünüz işlərdən yox, hal-hazırda nə iş gördüyünüz barədə ətraflı məlumatlar verib, təkliflərinizi səsləndirin. Şura sədri Azay Quliyevin çıxışından sonra şuranın icraçı direktoru Fərasət Qurbanov layihələr və görüləcək işlər barəsində geniş məruzə etdi. Daha sonra “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda ekspert qismində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov və sosioloq Əhməd Qəşəmoğlu çıxış etdilər. Sonda QHT rəhbərləri öz fikir və təkliflərini bildirdilər.

Visiontv.az