"Zərif" gəlişlər...
21.01.2021

İranın XİN rəhbəri Bakıya və digər qonşu ölkələrin paytaxtlarına gəlir...

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif gələn həftə Bakı, Moskva, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır. Onun Azərbaycana səfəri yanvarın 24-nə planlaşdırılır.

Bu barədə Zərif özü açıqlama verib.

“Qafqaza və Rusiyaya səyahət planlaşdırıram. Düşünürəm ki, Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərlərin tarixləri artıq müəyyənləşdirilib”,- Zərif deyib.

O həmçinin Türkiyə ilə də danışıqlar apardığını bildirib.

“Türkiyə ilə də danışıqlar aparırıq. Dünən axşam Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə yaxşı bir telefon danışığım oldu. Dağlıq Qarabağ böhranının həllinə kömək etmək və bölgədə sülh və sabitlik yaratmaq üçün birlikdə işləyə biləcək ölkələrə səyahət etmək niyyətindəyəm",- deyə Zərif açıqlama verib.

İranlı nazir Bakıya səfəri çərçivəsində Qarabağın işğaldan azad olunmasından sonra bölgədə yaranan yeni əməkdaşlıqlar və İran şirkətlərinin Qarabağın bərpasında iştirakı ilə əlaqədar fikir mübadiləsi aparacaq.

İran xarici işlər naziri, həmçinin Azərbaycan, İran və Rusiya üçtərəfli əməkdaşlığı ilə bağlı Azərbaycan rəsmiləri ilə müzakirələr aparacaq.

İran rəhbərliyi nəyin bahasına olursa-olsun, Qarabağın bərpası proseslərində İran şirkətlərinin də iştirakına nail olmaq istəyir. Bu məsələdə İran ilk növbədə Türkiyə ilə rəqabət aparır. Çünki biz ilk növbədə türk şirkətlərinin fəaliyyətinə üstünlük veririk.

İran rəsmiləri həmçinin Xudafərin körpüsünün təmir olunması və gediş-gəliş üçün açılmasını istəyirlər. Onlar hesab edir ki, bu Azərbaycan və İran dövlətləri üçün əsas hədəflərdən biri olmalıdır. İran tərəfinin fikrincə, bu Şərqi Azərbaycanla Qarabağın azad edilmiş bölgələri arasında gediş-gəlişin çoxalması üçün prioritet layihə olmalıdır. Amma əsl həqiqətdə isə, bu "ikinci dəhliz" təklifidir və "Laçın dəhlizi" kimi bu "dəhliz" də Ermənistanın işinə yaraya bilər.

İran 44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə bitməsi nəticəsində özünü "oyundankənar" vəziyyətdə qalmış kimi hiss edir. Türkiyə və Rusiyanın bölgədə aktiv rol alması İranı bərk narahat edir. Odur ki, son fürsətlərini də itirməmək üçün diplomatik cəhətdən fəallaşmağa başlayıb.
Olsun, əgər İranın məqsədi sırf iqtisadi gəlir əldə etməkdirsə, o zaman İran şirkətləri buyurub gəlsinlər.

Bəybala Mirzəyev

Visiontv/az