Məhəmməd Peyğəmbər(ə.s.): “Günahkar adam təriflənəndə Allahın qəzəbi tutar…”

Fevralın 9-dakı yazımızda (http://www.moderator.az/news/168113.html)qeyd etdiyimiz kimi, Moderator.az oxucuların bu mövzuya marağını nəzərə alaraq ötən həftədən etibarən hər cümə axşamı Peyğəmbər hədislərinə əsasən Qiyamət gününün artıq zahir olan, yəni həyata keçmiş əlamətlərindən bəhs edəcək. Bu dəfə cəmiyyətdə yaltaqlıq və yalançılığın artmasından danışağıq:

“Yalançılardan çəkinin!..”

Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Qiyamətə yaxın mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar nə sizin, nə də atalarınızın eşitmədikləri şeyləri danışacaqlar. Onlardan çəkinin” .

Abdullah b. Amr rəvayət edir ki, Peyğəmbər(s) buyurdu: “Dənizdə Süleymanın qandalladığı şeytanlar vardır. Çox keçməz ki, onlar azad olarlar və insanlara öz Quranlarını oxuyarlar”…

Yaltaqlıq həm də Allaha şərik qoşmaq kimi bir günahdır…

Yaşadığımız zamanda həyatın bütün sahələrində yalanın baş alıb getməsinin şahidiyik. Bu haqda çox uzun danışmağa lüzum yoxdur. Hər kəs adi küçə söhbətlərində, mətbuatda, radio və telekanallarda özünün və başqalarının – kasıblı-varlılı, vəzifəli-vəzifəsiz adamların davranış, əməl və sözlərini təsəvvürünə gətirsə, yetər. Yalançıların çoxu buna “qohum” daha bir xarakterə -yaltaqlığa da yiyələnməklə öz ictimai-siyasi karyeralarında daha böyük “uğurlar” əldə edir. Yaltaqlıq – bir növ yalançılıqla ruyakarlığın, çoxüzlülüyün sintezidir ki, cəmiyyətin, xalqların tənəzzülündə böyük rol oynayır. Bir adamda olmayan keyfiyyətləri ona aid etmək, yaxud olanları hədsiz və yersiz şişirtməklə müşayiət olunan yaltaqlığın sonu – həm də şirkə, yəni Allaha şərik qoşmağa gətirib çıxarır. Çünki yaltaq bir qarın çörək, pul, yaxud kreslosu xətrinə hər hansı bir varlı qohumuna, siyasi liderə və ya dövlət başçısına o dərəcədə təriflər, mədhnamələr oxuyur ki, sonda həmin şəxsə daşdan, dəmirdən heykəl yapıb qarşısında sitayiş edən bütpərəstdən seçilmir. Bu minvalla insan insanlıq sifətini itirərək Allahdan üz döndərmiş İblisin yoluna qədəm qoyur…

Allah yaltaqlıq baş alıb gedən cəmiyyətlərdə zalımların xalqı yoxsulluğa qərq etməsinə imkan verər…
Görünür, elə bu səbəblərdən Peyğəmbərimizin(s) hədislərində yaltaqlığın çoxalmasının da Qiyamətin əlamətlərndən biri olduğu bildirilir. Mahmud Qəhrəmanovun müəllifliyi ilə nəşr edilmiş “Qiyamət gününün kiçik və böyük əlamətləri” adlı kitabın 43-cü səhifəsində Haqq-hesab gününün 47-ci kiçik əlaməti kimi məhz yaltaqlığın çoxalması göstərilir:

“Əl-Həsən əl-Bəsri danışır ki, Peyğəmbər (sav) belə deyib: “Bu ümmətin qiraətçiləri hökmdarların tərəfinə əyilməyənədək, əməlisaleh bəndələr fasiqləri tərifləməyənədək, ən pisləri ən yaxşılarını hörmətdən salmayanadək, bu ümmət Allahın əli, Onun mərhəməti altında olacaq. Amma bunlar baş verən kimi Mərhəmətli Allah öz əlini onların üzərindən çəkər və zalımlara onlara qalib olmağa imkan verər. Zalımlar onlara dəhşətli əzablar verəcəklər, onları yoxsulluq və səfalətə qərq edəcəklər, onların qəlbləri isə qorxu ilə dolacaq” (Əd-Dani)…

Qohum-əqrəbası da yaltaq məmurun başına toplanıb ona haram işlərində dəstək verirsə…

Bəşəriyyətin və ayrıca müsəlman aləminin əsas bəlalarından biri də digər günah və çirkin əməllər kimi, insanların biri-birini yalançılıq və yaltaqlıqdan çəkindirməyə, yəni əmr-be-məruf və nəhy əz-münkər qanununa əməl etməyə çalışmamasıdır. Əksinə, qardaş-bacısı, qohum-əqrəbası bir məmurun yalanla, yaltaqlıqla, rüşvətlə vəzifə, var-dövlət topladığını görəndə onun bu “uğurları”na sevinərək ətrafına toplanır və ona bu haram işlərdə yardımçı olurlar. Bu gün korrupsiya və rüşvətxorluq bəlasından qurtula bilməməyimizin gerçək səbəblərindən biri də məhz budur…

Biri-birini şər əməllərdən çəkindirməyənlərin başına Allahın cəzası gələcək…

“Hüzeyfə ibn Əl-Yamən danışır ki, Peyğəmbər (sav) belə deyib: “Mənim canım ovcunda olana and olsun! Ya siz xeyir əməllərə dəvət edəcəksiniz və çirkin hərəkətdən çəkindirəcəksiniz, ya da sizin hamınızın başına Allahın cəzası gələcək və siz Onu çağıracaqsınız, lakin O sizə cavab verməyəcək”.
(Əhməd və ət-Tirmizi. Əlbaniyə görə səhihdir. Bax: “Səhih əl-Çəmi əs-Saqir”, 7070.)

Qeys ibn Əbu Həzim danışır ki, Əbu Bəkr minbərdə ikən dedi: “Ey insanlar! Mən görürəm ki, siz bu ayəni təfsir etmək istəyirsiniz:“Ey iman gətirənlər. Siz öz hayınızda olun. Siz doğru yolu tutan zaman yolundan sapmış bir kimsə zərər verə bilməz sizə”(əl-Maidə, 105). Mən eşitmişəm ki, Peyğəmbər (sav) deyib: “Həqiqətən, əgər insanlar onların arasında edilən günahları təshih etməsələr, tezliklə Allah bütün insanları cəzalandıracaq”…

(Əbu Davud, ət-Tirmizi və İbn Macə. Əlbaniyə görə səhihdir. Bax: “Silsilət əl-Əhadis əs-Səhihə”, c. 4, səh. 88-89.)

Günahkar adamlarla qəzəblə davranaq…

Etiraf edək ki, bu gün çoxumuz günahı hər kəsə bəlli ola birisini “özünü pis kişi etmə” prinsipi ilə tənqid etməyə, ona nəsihət verməyə cəsarət etmirik. Əksinə, işimizə yarıyanda biz də onu tərifləyirik. Bu isə günahı və günahkarı təşviq etməyə bərabərdir. Məşhur İslam alimi Əbdürrəhman Yusifpur özünün “İnsan nə üçün günah edir?” kitabında Peyğəmbərimizin(s) hədislərindən misal gətirərək yazır:”Əmirəl möminin Həzrət Əli(s) buyurur:”Peyğəmbər bizə buyurmuşdu ki, günahkar adamla qəzəblə davranaq”. “Günahkar adamları mədh edib onlara rəğbət göstərən adamların sifətinə torpaq çırpın”. “Günahkar adam təriflənəndə Pərvərdigarın qəzəbi tutar”…
Allah özü bizləri hidayət etsin!..

17.02.2017 20:15 306 dəfə baxılıb