euruiyiu_48765767

“Üç gündür ki, yatmıram. Daha doğrusu, düz üç sutkadır. Sadəcə, yatmaq istəyirəm. Yatmaq… Bakıda polislər çox mehriban, qayğıkeşdir. Əvvəl sənədlərimi yoxladılar, çantama baxdılar, sonra səyyah olduğumu biləndə yemək, pul təklif etdilər. Hətta otelə aparmaq istəyən də oldu. O biri insanlar da belə. Çox qayğıkeş insanlarınız var”.

“Vizasız səyyah”, “dünyanı vizasız dolaşan adam” kimi tanınan Qazaxıstan vətəndaşı Sergey Bondarenko Bakıdadır.

Visiontv.az milli.az-a istinadən bildirir ki, Sergey Bondarenkonu məşhurlaşdıran onun səyahətə pulsuz, vizasız yollanmasıdır.

Sergey indiyədək yol maşınlarından yararlanaraq 14 ölkəni dolaşıb.

“Olduğum ölkələrdə mənə ən çox yardım edən polislər idi. Bəli, təəccüblənməyin. Çində olanda küçədən keçən insanlar mənə, belimdəki çantama təəccüblə baxır, sonra pul və yemək verirdilər. Soyuq günlərdə otellərə girir, hollda qalırdım. Orada oturmağıma icazə istəyirdim. Lakin hər dəfə məni nömrələrdə yerləşdirirdilər, pul da almırdılar. Çində olduğum 26 gün ərzində çox şəhəri dolaşdım. Yalnız Urumçinin, Pekinin və Kunminin adları yadımda qalıb”, – S. Bondarenko söyləyib.

Daha sonra o, Laos, Kamboca, Tailand, Nepal, Malayziya, Birma, Vyetnam, Monqolustanda olub.

Bir qədər keçəndən sonra isə Sergey Belarus, Ukrayna, Gürcüstanı dolaşıb, indi də Bakıdadır.

Sergeyin sözlərinə görə, dünyanı dolaşmaq niyyətindədir və səyahətlərinə bir dollar da xərcləmir.

“Bu, prinsip məsələsidir. Dünya ölkələrini pulsuz, avtostop yolu ilə dolaşmağın mümkün olduğunu sübut etmək istəyirəm. Səyahətim barədə kitab yazıram, – söyləyən unikal səyyahın sözlərinə görə, hələlik evlənmək, ailə qurmaq niyyətində deyil. – Səyahətim başa çatmayınca evlənməyəcəyəm. Həyatımı səyahətə həsr etmək istəmirəm. Bu macəra sonrakı həyatımın, işlərimin bünövrəsidir. Çünki kimsənin etmədiyi, bacarmadığı işi gerçəkləşdirməklə özümü tanıtmaq istəyirəm. Ailə isə səyahətimin yarımçıq qalmasına yönəlmiş potensial təhlükədir. İndi kimisə sevsəm, kiməsə vurulsam, qalmalı, səyahəti dayandırmalı olacağam. Doğrudur, bəzən çox qüssələnirsən, kədərlənirsən, sevgi istəyirsən. Amma tənhalıq da mənə bəsdir. Təbii, gələcəkdə ailəm, övladlarım olacaq. Amma indi məqsədim başqadır. Qazaxıstanın bayrağını bütün dünya ölkələrindən keçirmək istəyirəm”.

Sergey Bondarenkonun sözlərinə görə, bəxtəvərdir.

“Bəli, bəxtəvərəm. Çünki yeni yerləri gəzirəm, yeni insanlarla tanış oluram, arzumu gerçəkləşdirirəm. Səyahətim ən azı iki il davam edəcək. Sonrakı planlar barədə hələlik danışmaq istəmirəm. Milli.Az-a da minnətdaram ki, mənimlə maraqlanırsınız. İndisə, icazənizlə, yatmaq istəyirəm. İnanın, üç sutkadır yatmıram”.

Bunu deyən Sergey seçdiyi “yatağına” uzandı və ədyalı başına çəkdi…

01.11.2016 10:30 200 dəfə baxılıb