İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmək niyyətində deyil.

Baş nazir Benyamin Netanyahunun dəftərxanası sənədi rüsvayçı adlandırıb. İsraildə narazılıq yaradan əsas nüans mətndə Qüdsün bir çox yəhudi məhəllələrinin də işğal olunmuş ərazilərə aid edilməsidir. Üstəlik, qətnamə yalnız İsrailin məskunlaşdırma siyasətini tənqid etmir, həm də 1967-ci ildə 6 günlük müharibədən sonra cızılmış sərhədlərdəki dəyişikliklərin tanınma imkanını rədd edir.

Amerika Birləşmiş Ştatları uzun illər ərzində ilk dəfədir ki, Təhlükəsizlik Şurasında antiisrail sənədə veto qoymayıb. Elə buna görə də Netanyahu Vaşinqtonu qətnamə təşəbbüskarları ilə gizli sövdələşmədə ittiham edib və ümid etdiyini bildirib ki, yeni seçilmiş prezident Donald Trampın inauqurasiya mərasimindən sonra “Ağ Ev”in Yaxın Şərq siyasətində radikal dəyişikliklər olacaq.

25.12.2016 14:14 212 dəfə baxılıb