radikal_4757567

“Əgər hər ailədə orta hesabla 5 nəfər olsa, 10 milyonluq Azərbaycanda orta hesabla 5 milyon ailə var”.

“Visiontv.az” xəbər verir ki, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bu gün Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda keçirilmiş mitinqindəki çıxışında belə deyib.

10-u 5-ə bölüb 5 alan və bununla da cəbrdə kiçik inqilab edən İsa Qəmbərin çıxışında yeganə dissonans bu deyil. O, gah “mömin vətəndaşlarımız dünyəvi dəyərlərin daşıyıcılarıdır” deyib, gah partiyanın başqanı Arif Hacılının müavini F.Kərimlini başqan kimi təqdim edib, gah da mitinqin “aparıcısı” Səxavət Soltanlının dediklərini daha epik şəkildə səsləndirib.

Lakin İsa Qəmbərin mitinqdəki çıxışının ən maraqlı yönü onun ölkədəki radikal dindarlara xitabı, həbsdə olan “möminlər”in dərhal, qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməsi idi.

Müsavatın sabiq başqanının daha çox mizantropiya təsiri bağışlayan çıxışında məntiq baxımından bir-biri ilə kəskin ziddiyyət təəşkil edən  ifadələrin qarışıq məcmusunu bir kənara qoysaq, onun sözlərinin, daha çox istəyinin leytmotivi qismində radikal dindarları öz tərəfinə çəkmək niyyətinin olduğunu söyləmək mümkündür.

Dağlıq Qarabağ problemindən və iqtisadi böhrandan bəhs edən İsa Qəmbər, habelə ondan sonra çıxış edənlər nədənsə qısamüddətli, qəfil huşsuzluğa tutularaq unutdular ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı AXC-Müsavat hakimiyyəti dönəmində, həmin iqtidarın iqtidarsızlığı və aşkar səriştəsizliyi nəticəsində başlanmışdı.

İsa Qəmbər AXCP lideri Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ Konqresindəki antiazərbaycan dinləmələrində Dağlıq Qarabağdakı terrorçu rejimin lideri Bako Saakyanın oğlu Armen Saakyanla eyni səfdə oturmasını da yada salmadı və əslində, buna ümid etməyə də dəyməzdi.
AXCP və Milli Şuranın mitinqlərində olduğu kimi, bu gün Müsavatın mitinqində də “Avropa İttifaqına assosiativ üzvlük sazişi imzalansın” şüarı səsləndi.

Əli Kərimli və Cəmil Həsənli təki, İsa Qəmbərlə Arif Hacılı da Aİ ilə assosiasiya sazişini Azərbaycanın imzalamasının səbəbini açıqlamır, tərəfdarlarına əyan etmirlər. Halbuki, hər şey çox sadədir. Rəsmi Bakının dəfələrlə səsləndirdiyi tələblərinə rəğmən, həmin sənədin layihəsində Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın erməni işğalında olan əraziləri ilə bağlı ədalətli mövqe əks olunmayıb və Aİ faktiki olaraq işğalçı Ermənistanın aqressiyasına göz yumub.

Bundan başqa, həmin saziş imzalanarsa, Azərbaycan MDB məkanında güzəştli ticarət, idxal və ixrac imkanlarını bilmərrə itirər,  qazandığı isə sadəcə, Aİ-nin efemer “mənəvi və siyasi dəstəyi” olardı. Aİ-nin belə “dəstəyi”nin nədən ibarət olduğunu Ukraynanın timsalında bütün postsovet məkanı gördü.

Müsavat rəhbərliyi eyni zamanda, radikal dindarları da tərəfinə çəkmək, onlardan yararlanmaq və “milli-demokratiya” təki kvazisiyasi prinsiplərə sadiq qalması ilə yanaşı, “mömin vətəndaşların maraqlarını da təmin etmək” uğrunda işlər görməyə hazır olduğunu vurğulayır.
Absurd vəziyyət alınır. Musavat bir tərəfdən özünü Qərbə meylli, dünyəvi dəyərlərin daşıyıcısı, tolerant və sivil partiya kimi təqdim edir, digər tərəfdən həmin dəyərləri qəbul etməyən, idarəetmə prinsipləri məcmusu qismində Şəriəti yeganə mənbə sayan qruplaşmanın “maraqlarının təminatı”ndan bəhs edir.

Belə olarsa, Müsavat maliyyə və siyasi dəstək aldığı beynəlxalq təşkilatlara, ABŞ və Avropa Birliyinə strategiyasındakı dəyişikliyi, taktikasındakı bu “U dönüşü”nü necə anladacaq? Ən başlıcası isə İsa Qəmbərlə Arif Hacılı homoseksualizmi ən ağır günahlardan biri sayan, qadınların hicablı olmasını “şəri və feli mübah” sayan, ABŞ və Avropa Birliyini “müsəlmanlara səlib yürüşü açmış imperialistlər” hesab edən kəslərə mövqelərini necə izah edəcəklər?!

Yoxsa İsa Qəmbər də AXCP sədri Əli Kərimlinin marazm leksikonundan faydalanaraq “Ateistlərlə dindarlar qardaşdır!” tipli absurdu səsləndirmək fikrindədir?!

Ola bilər, çünki bugünkü mitinqdən bəlli oldu ki, Müsavat Partiyası “imanlı qardaşlar” adlandırdığı radikal dindarlar uğrunda AXCP ilə rəqabətə başlamaq niyyətindədir.

Xalqı iğtişaşlara və qarşıdurmaya çağıran Taleh Bağırov, rüşvətxorluqda suçlanaraq cəzalandırılaq sabiq prokurorluq əməkdaşı “vicdan məhbusu” sayılırsa, yeganə məqsəd kütləni qızışdırıb emosiyaları tarıma çəkməkdirsə, onda İsa Qəmbər heç olmasa Əli Kərimlidən fərqli olaraq çox “dərinə getməsin”.

Nədən ki, AXCP sədri Əli Kərimli “xalq acdır, yoxsulluq içindədir, yeməyə çörək tapmır” deyib bahalı offrouder avtomobillərdə gəzir, ailəsinin yüksək səviyyəli məişət yaşamını təmin edir və bununla da sıravi cəbhəçilərdə ikrah hissi yaradırsa  – Müsavat başqanı “acından ölən xalq”ın heç olmasa, bir nümayəndəsinə maliyyə yardımı etsin ki, nifrət etdiyi Əli Kərimlidən fərqlənsin.

Amma çətin: dava dindar kəsim uğrunda başlayıbsa, artıq əvvəlki sazişlər və anlaşmalar təki, siyasi mübarizənin məntiqi orientirləri də unudulur.
Eyni zamanda, ölkənin radikal müxalifəti dindarlarla yaxınlaşmaq, onlardan faydalanmaq niyyəti ilə çox təhlükəli oyuna başlayır.
Əli Kərimli və Cəmil Həsənli təki, İsa Qəmbər və Arif Hacılı da dərk etmirlər ki, onların radikal dindarlardan yararlanıb tərəfdarlarının sayını artırması mümkün deyil.

Çünki radikal dindarlar onlardan faydalanacaq, sonra isə bir kənara atacaqlar.
Banqladeşdən tutmuş, Liviyaya qədər istisnasız olaraq bütün müsəlman ölkələrinin siyasi təcrübəsi bunu göstərir və həddən artıq sadə məqamı aksioma çevirir: dünyanı “dar ül hərb”lə “dar ül xeyr”ə bölənlər üçün demokratiya, Qərb yaşamı prinsipləri, dini dözümlülük və dünyəvi yaşam prinsipləri qəbuledilməzdir.

İsa Qəmbər, bəlkə də bunu bilir, amma ambisiyalarına çatmaq üçün riskli oyuna başlayır.
Uduzacağını ona kimsə deyibmi görəsən?!
Milli.Az

pakseladin

19.09.2016 11:36 46 dəfə baxılıb