img_8711-389

Onu sosial şəbəkələrdən tanımışdım. Dostlarım şəkillərini paylaşaraq bir qadının avtomobil servisində, çətin şəraitdə çalışmasını alqışlayırdı. Məni onunla müsahibəyə çəkən əsas amil isə müsbət enerjisi və gələcəklə bağlı planları idi.

Visiontv.az Qafqazinfo-nun müsahibəsini təqdim edir.

Yolumuz bu dəfə Biləcəridə yerləşən Məmmədoğulları servisi, 47-ci boksa düşdü. Şəhərdə də hava isti sayılmazdı, ancaq mənzil başına çatanda soyuq düz iliyimizə işləyirdi. Özüm kimi soyuqdan rəngi qaçmış fotoqrafımız Nurana baxıb “bütün çətinliklər bir yana, bir qadın bu soyuqda, betonun üstündə necə işləyə bilər axı?”- deyə fikirləşirdim ki, müsahibim Nüşabə Ağayeva uzaqdan əl edib bizi çağırdı. Müsbət enerjisi güman etdiymdən də artıq idi. Yəqin ki, rəngimizi görüb vəziyyəti anladı, oturar-oturmaz isti bir çayı qabağımıza qoyub “tez için”- dedi.

– Nüşabə xanım, bura həmişə belə soyuq olur?

– Bu, hələ harasıdır ki, bir də siz qışı görün. Amma yayda yaxşı sərin olur.

– Neçə müddətdir, bu sahədə çalışırsınız?

– 4 il tamam olur.

– Çətin deyil ki?

– Çətin tərəfləri də var, ancaq ürəkdən istək olanda hər bir şeyi bacarmaq olur. Əsas insanda maraq olmalıdır.

– Düzü, bir qadının “karobka”ya (sürətlər qutusuna) marağının olması özü də çox maraqlıdır.

– Elə uşaqlıqdan atamın maşınının yan-yörəsində fırlanırdım. Bu maraq uşaqlıqdan məndə var. İcazə verirdi, mən də hərdən təmirində kömək edirdim, bir iş üçün buyururdu, dalınca gedirdim. Artıq iki ildir ki, Sərdar usta ilə çiyin-çiyinə işləyirik. Ustam ölkəmizdə bütün sürətlər qutusu ustalarının qolunu bükə biləcək bir ustadır. Elə-belə ustanın yanına gəlməmişəm.

– Burada başqa qadın işçi var?

– Azərbaycanda tək mənəm, nəinki burada. İlk dəfə motorist yanına şagird kimi gəlmişəm. Sonradan sürətlər qutusunu yığmağa marağım yarandı. Onda başqa ustanın yanında şagird idim. Bir gün çox gözlədim, ustam gəlmədi. Mən də maraq üçün Sərdar ustanın sexinə keçdim, elə o keçən, bu keçənəm. Gələndə demişdim, bir, ya da iki aya nə öyrənərəm-öyrənərəm, sonra çıxıb gedəcəm. Ancaq artıq 2 il olur.

Müsahibəyə başlayan zaman tez-tələsik çağırıb yanına oturtduğu, hər cavabında onun da təsdiqləməsini gözlədiyi şəxsin kim olduğunu bilməsək də, söhbət əsnasında öyrəndik ki, Nüşabə xanıma bu sahəni öyrədən Sərdar usta imiş. Müsahibimi elə ustasının dilindən tanıyaq.

– Sərdar usta, Nüşabə xanım ilk günlərdən öz bacarığını göstərə bildi?

Sərdar usta: “İlk dəfədir ki, qadında bu qədər güclü zehin və dəqiqlik görürəm. Bizdə ancaq sürət qutularıdır. Gəldi, maraqlandı. Elə açarı tutmasından, davranışlarından hiss elədim ki, bu qızda nəsə bir gələcək var. Bizim işdə əsas diqqət və maraqdır. İnsanın zehni çox iti olmalıdır. Hər şeylə maraqlanırdı, sual verirdi. Görürdüm ki, həvəslidir, bu işə can atır. 1 gün, 2 gün, 10 gün sınaq müddəti verdik, nəzarətdə saxladıq. Gördük ki, çox təmizkarlığı var. Zehni güclüdür. Onun üçün seximi dəyişdim. Əvvəl işlədiyim yerdə, dedilər ki, qadın olmaz, onu çıxart. Mən də dedim, olmaz, olmaz da. Həmin günü başqa yer axtardıq çıxdıq ordan. Əsas odur ki, əziyyətim yerdə qalmadı, hər zaman ustasına dəyər verməyi bacarır”.

– Bəs qadın əlinin dəydiyi sizin sahədə də hiss olunur?

Sərdar usta: “Elə olur ki, biz yoruluruq, bəzi detallar gözdən qaçır. Tez sual verir, göstərir. Qadınlar gəlir, maşınını sırf ona əmanət edirlər. Çox təmizkar və dəqiqdir. Bəzən elə detallar var ki, salmağa bizim əlimiz əsir, xanım çox incəliklə şarikləri, elektromaqnitləri otuzdurur. Ya da hər şeyi bir-bir soruşmağa marağımız olmur. Ancaq o, müştəridən hər şeyi bircə-bircə soruşur, öyrənir. 2 ildir, birlikdə işləyirik, elə bil 5-6 ildir. Yanımda oğlan şagirdlər olub, 6 ilə heç nə öyrənə bilməyib.  Nüşabənin elmi bu sahədə çalışan çox kişi ustadan güclüdür”.

– Bu cür işlərdə kişilər qadınlara güvənmir. Adicə olaraq, qadınların maşın sürməsinə qınayanlar, bacarmadıqlarını iddia edənlər var. Bəs maşınını etibar etməkdə tərəddüd edənlər olur?

Nüşabə xanım: “Əlbəttə olur. Elə müştərilər var ki, maşınına qarşı həssasdır. Məsələn, bugünkü “Chevrolet” markalı avtomobilin sahibi. Sərdar usta burada yox idi. Yağı tökmüşdülər, dedim, bir-iki dəfə xodlayım, söndürüm. Özünü öldürür ki, mən dəyməyim, Sərdar usta gəlib baxsın. Axırda həll etmişik, deyirəm ki, birinci dəfə deyil axı. Biz hər gün bu işin içindəyik. Ancaq daimi gələnlər artıq öyrəşib. Özümüz problemi həll edib yola salırıq”.

“Bu sahədə çalışmaq istəyənlər, gərək kişilərlə necə davranmaq lazımdır, onu bilsin”

– Şagird kimi başlamısınız, artıq özünüzün də şagirdləriniz var. Bəs sizin kimi marağı olan, öyrənmək istəyən qadınlar var?

– 2 şagirdim var. Ancaq qadın yoxdur. Başa düşüləndir. Bu sahə həqiqətən də bir qadın üçün çətindir. Ağır deməzdim, ancaq çətindir. Mən ilk bu sahəyə başlayanda başqa bir ustanın yanına bir qadın gəlmişdi. Hətta mənə meydan oxuyurdu ki, ən yaxşısı o olacaq. Ancaq bu sənətdə bir ay qala bilmədi. Əslində, bu işi öyrənmək istəyən xanımlar olub, ancaq illərdir qalan və gələcək üçün bu sahədə hədəfləri olan yeganə qadın mən olmuşam. Bilirsiniz, bu sahəni seçən bir qadın kişilərin içində işləmək, kişilərin yanında davranmaq qaydalarını yaxşı bilməlidir. Müraciət edənlərin 90%-i kişilərdir və hər biri də fərqli xasiyyətdə. Gərək xasiyyətə uyğun davranıb söhbət edəsən. Allaha çox şükür, ağlımızla, başımızla 4 ildir ki, bu işlə məşğul oluruq. Hər insan eyni xasiyyətdə deyil. Mənim ən böyük uğurum Sərdar usta kimi birinin yanında şagird olmağım olub. Haram adamın yanına gedib çıxmamışam. Motordan ayrılandan sonra iş üçün çox qapı döymüşəm. Çox şükür sonda yaxşı yerdə dayanmışam.

– Bayaqdan fikir verirəm ki, necə siz ustanızdan çəkinirsizsə, şagirdləriniz də sizdən çəkinir. Deyəsən, iş vaxtı xeyli sərt olursunuz.

– Usta şagirdinə qarşı nə qədər sərt olsa, o qədər keyfiyyətli iş ortaya çıxacaq. Ustam məndən nələri tələb edibsə, mən də şagirdlərimdən onları tələb edirəm. Belə oturanda anaları kimiyəm, deyib gülürük, yeməklərini hazırlayıram. Hərdən qabları yumayanda acıqlanıram da. Ancaq söhbət öyrənməkdən gedəndə sərtəm. İndinin özündə mən hələ də ustamdan çəkinirəm, nəsə öyrənməyə çalışıram. Əsas odur ki, işində təmiz və diqətli olsunlar. Sabah üstümüzə söz gəlməsin”.

– Sərdar usta, Nüşabə xanım kişilərlə davranmağın elə də asan olmadığını dedi, bəs bu sahədə qadın ustayla, şagirdlə davranmaq necə, çətin deyil ki?

Sərdar usta: “Elə olub aramızda narazılıq olub, dediyim söz xətrinə dəyib, ya acılamışam. Küsüb gedirdi, ancaq əsəbi soyuyanda yenə də qayıdırdı. Görürsən ki, sənət üçün bu insan canını da verməyə hazırdır. Qışın soyuğu var, əlləri donur, ağır alətlər ayağına düşür, yenə də sənətini sevir. Qadın incədir, ancaq Nüşabə bizimlə çiyin-çiyinə işləməyi bacarır. Artıq ona usta adı da vermişik. 2 il də müasir sürətlər qutusunda işləsə, rahat bir servis aça bilər”.

Nüşabə xanım: “Biz sexdə bir ailə kimiyik. Arada sözümüz düz gəlmir, çıxıb getmişəm, ancaq heç vaxt bu sənəti ataram deməmişəm. Geriyə getmək olmaz, ancaq irəli”.

“Mazut iyini ətir iyinə dəyişmədi”

– Bildiyim qədərilə nəinki ölkədə, dünyada bəhs edilən bir qadın usta olmaq istəyirsiniz.

– İkinci bir Sərdar usta, ən yaxşı sürətlər qutusu ustası olmaq istəyirəm.

Sərdar usta: “O vaxt Rusiyada Zaporojye Avtomobil zavodunda maşınları qadınlar yığırdı. İndi Azərbaycanda xarici marka yığan qadınımız var. Qaçmadı, mazutdan qorxmadı. Ətirlənə də bilərdi, əlini mazuta vurmazdı. Mən onunla fəxr edirəm. Birlikdə çox çətinliklər görmüşük”.

– Hansı çətinliklər?

Nüşabə xanım: “Bir yerdə işləməyimizə də badalaq quranlar olub. Çalışırdılar ki, ayrılaq, birlikdə işləməyək, qabağa getməyək. Yalan yox, fırıldaq yox, kim istəyər qadın bu sənətdə yüksəlsin. Kim nə qazanır, Allah özünə qismət eləsin. Ancaq mübarizə aparmaq lazımdır”.

– Analar çox vaxt övladlarını, xüsusilə də qızları çətin işlərdən uzaqlaşdırmağa çalışırlar. Siz necə evdəkiləri razı saldız?

– Əvvəl-əvvəl burada işlədiyimi bilmirdilər, gizli başlamışdım. Bir ilə yaxın da heç kimə demədim. Qohum-əqrabamın çoxu birinci dəfə efirə çıxanda bildi. İndi hamısı bir problem olanda müraciət edir, fəxr etdiklərini deyirlər. Anam heç vaxt məni sevdiyim peşədən çəkindirməyə çalışmayıblar. Bundan başqa, kifayət qədər yaşım var, indi icazə alan vaxtım deyil. Ancaq iş şəraitinə görə narahat olur. Hər dəfə evdən çıxanda əynimi yoxlayır ki, görsün qalın geymişəm? Həmişə “Ay bala, betonun üstündə, soyuq yerdə olursan, qalın geyin”- deyir. Anadır, onu başa düşmək olar. Mən də övladlarım üçün eyni narahatlığı yaşayıram, baxmayaraq ikisi də hazırda İngiltərədə təhsil alır, hər dəfə danışanda əyinlərini qalın geyinmələrini tapşırıram.

– Bəs onların sizin sahəyə marağı var? Qızınızın davamçınız olmasını istəyərdiz?

– Niyə də yox, istərdim. Amma belə görürəm ki marağı yoxdur. Düzdür, oğlum gəmi mühəndisliyi oxuyur, ancaq tam bu sahə sayılmaz. Mən yaşa fikir verməyib sevdiyim işin arxasınca getmişəm. Təki onlar da sevdiyi sahələrdən bərk-bərk yapışıb gələcəkdə tam bir mütəxəssis olsunlar.

 

24.10.2016 15:25 768 dəfə baxılıb