“Bu alçaq hücumlar qarşısında millət olaraq bir-birimizə daha çox bağlanacağıq. Beynəlxalq cəmiyyətdən tək bir gözləntimiz var, terrorla bağlı ikili davranışları bir tərəfə qoyub, ədalətli olsunlar”.
Bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım partiyanın qrup iclasında çıxışı zamanı “Reina”dakı hadisədən danışarkən deyib.
Baş nazir ölkə daxilində və xaricdə terrorla mübarizəni davam etdirdiklərini deyib:
“Qarşımızda eyni mərkəzdən idarə edilən fərqli təşkilatlar var. Türkiyə yalnız bir terror təşkilatı ilə mübarizə aparmır. Biz 40 ildir PKK ilə mübarizə aparırıq, bu gün İŞİD və digərləri sıraya əlavə edilib. Dünyada bizim qədər çox terror təşkilatı ilə mübarizə aparan ikinci bir ölkə yoxdur. Türkiyə yalnız öz torpaqlarında deyil, harada insanlarımıza zərər verirsə, orada terroru yox etmə qüdrətinə malikdir, Fırat Qalxanı ilə də bunu həyata keçirir”.
Baş nazir bildirib ki, İstanbulda həyata keçirilən terror hücumunda seçilən məkan və zaman diqqətlə təhlil edilərkən məqsədin nə olduğu aydın görünür:
“Canilər və onları himayə edənlər ictimai asayişi pozmağa çalışır. Onlar bilir ki, hadisənin baş verdiyi məkanda məscid, sinaqoq, kilsə yan –yanadır. Biz min illərdir bir yerdə yaşamağı öyrənmişik. Lakin 7-dən 70-ə hər birimiz daha oyaq olmaq məcburiyyətindəyik”.
B.Yıldırım sosial şəbəkədən istifadə edənlərə də maksimum diqqətli olmağı, paylaşımlarına həssas yanaşmağı tövsiyə edib:
“Sosial mediada hər bir təhrikedici paylaşım ölkəmizə zərər verir. Sosial media məsuliyyətsiz media deyil. Başınıza bəla ola bilər. Kiminsə başqalarını kin və nifrət duyğuları ilə motivasiya etməsi qəbuledilən deyil və günahdır. Bu cür paylaşımlar edənlər haqqında lazımı hüquqi əməliyyatlar başladılıb”.

03.01.2017 18:46 34 dəfə baxılıb