secki
Seçkilər və onun əhəmiyyəti
Azərbaycanda keçirilən seçkilərdə həm MSK, həm də müvafiq beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biri KİV-lərin seçkilərdə iştirakı, bu prosesdə MSK və digər seçki subyektləri ilə əlaqələrin qurulmasıdır. Bu da təsadüfi deyil. Artıq müasir demokratik dövlət idarəçiliyinin təcrübəsi tam şəkildə təsdiqlənmişdir ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsində KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir.

KİV-lər yalnız seçki təbliğatını həyata keçirən orqan deyil, eyni zamanda, seçki mühitinin aşkarlığını təmin edən qurumlardır. KİV-lər sərbəst şəkildə seçkinin aşkarlığını təmin edə, müşahidə missiyasını həyata keçirə, namizədlərarası yarışı təşkil edə və keçirilən seçkilərin imicini formalaşdıra bilər. Elə buna görə də Azərbaycan höküməti, eləcə də MSK-nın həyata keçirdiyi bütün tədbirlərdə  seçkilər zamanı mətbuatın iştirakı təmin edilir, seçkilərin əsas subyektləri olan namizədlərin seçki kampaniyalarında KİV-lərin rolu, onların mətbuatdan istifadə inkanlarına geniş şərait yaradılır.

Media və cəmiyyət

Seçki Kampaniyası və media arasındakı qarşılıqlı əlaqə, yaxud da seçki kampaniyasındakı medianın rolu hər seçki mövsümündə ən çox gündəmə gətirilən mövzulardandır. Seçki kampaniyası aparılarkən namizədlərin mediaya büyük ehtiyacı olur. Müxtəlif maraqların çatdırılmasına imkan verən və fərqli strukturlar tərəfindən dəstəklənən müxtəlif informasiya vasitələri isə təbii ki, bu avantajı namizədlərə verməkdədir. Media vasitələrinin çoxalması və rəngarəngliyi isə rəqabətin yaranmasına şərait yaradır. Pulsuz və ya pullu siyasi reklamın verilməsinin tənzimlənməsi yolları mübahisə predmetinə çevrilir. Ədalətli və balanslı işıqlandırma prinsiplərinə riayət edilməsinin təmin olunması yolları müzakirə edilir.

Özünütənzimləmə və cavabdehlik vasitəsilə, yoxsa qanunvericilik norması və sonrakı nəzarət vasitəsilə? Halbuki plüralizm, redaksiya müstəqilliyi və jurnalist peşəkarlığı hamı tərəfindən qəbul olunmuş ilkin zəruri şərtlərdir. Eyni zamanda, mətbuat azadlığının sərhədləri barədə geniş konsensus vardır. Bu təkcə konstitusiya ilə təsbit olunmuş məhdudiyyətlərə, şərəf və ləyaqətin təhqir olunmasına qoyulan qadağalara deyil, həm də seçkilərin işıqlandırılmasına qoyulan məhdudiyyətlərə də aiddir. Məsələn, seçki kampaniyasında namizədlərin opponentlərini təhqir etməsi, digər namizəd və partiyalara qarşı neqativ kampaniya aparılması yolverilməzdir. Seçki kampaniyasının aparılması ilə bağlı etika məsələlərinin tərtib edilməsi, redaksiyanın fəaliyyəti jurnalistlərin və kütləvi informasiya vasitələrinin iştirakı və razılığı ilə həyata keçirilməlidir. Çünki nəticə etibarı ilə etika məcəlləsi ünvanlandığı insanlar tərəfindən qəbul edilmirsə, əhəmiyyətsiz olur.

22.09.2015 17:46 575 dəfə baxılıb